Bakı. Elçin Mehdiyev - Trend:
"Deputat seçildiyim Gəncə şəhərində özəl klinikalar həftədə bir gün Qarabağ əlilləri və şəhid ailələrinin müayinəsini pulsuz həyata keçirməyə başlayıb. Onlar hətta imkan olacağı təqdirdə, ayda bir dəfə pulsuz müalicə də təşkil etmək niyyətindədirlər".
Trend-in məlumatına görə, bunu deputat Musa Quliyev Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zaman deyib.
M.Quliyev bildirib ki, bu təşəbbüsün Bakıda və digər regionlarda fəaliyyət göstərən klinikalar tərəfindən də həyata keçirilməsi çox müsbət addım olar: "Çünki indiki vəziyyətdə hər bir müəssisə öz sosial məsuliyyətini də başa düşməlidir".
İclasda çıxış edən digər deputatlar da bu təşəbbüsü dəstəkləyib və klinikaların bu cür addım atmasını məqsədəuyğun hesab ediblər.