Bakı. Trend:
Azərbaycan Dövlət Dəniz Akademiyasına beynəlxalq sertifikat veriləcək.
Trend "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin saytına istinadən məlumat verir ki, Gəmiçiliyin və onun struktur bölmələrinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması, o cümlədən müasir tələblərə uyğun sertifikatların alınması QSC rəhbərliyinin daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu istiqamətdə mütəmadi tədbirlər görülür və beynəlxalq qurumlarla müvafiq iş aparılır.
Gəmiçiliyin sıx əməkdaşlıq şəraitində işlədiyi beynəlxalq qurumlardan biri Amerika Gəmiçilik Bürosudur (ABS). Bu nüfuzlu təsnifat cəmiyyəti yanvarın 26-dan fevralın 2-dək Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzində sertifikatlaşdırma üzrə beynəlxalq audit aparır. Auditin məqsədi mərkəzdə tədris olunan 34 təlim kursunun ABS-in "Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları"na uyğunluğunu yoxlamaqdır. Audit müddətində artıq 10 təlim kursunun uyğunluğu təsdiqlənib. İl ərzində digər kursların da auditdən keçəcəyi nəzərdə tutulub.
Auditin nəticələrinə əsasən, Amerika Gəmiçilik Bürosu Azərbaycan Dövlət Dəniz Akademiyasına və Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzinə uyğunluq sertifikatı təqdim edəcək.