...

AMEA: Palçıq vulkanı olan sahələrdə neft-qaz yığınları var

Cəmiyyət Materials 8 Fevral 2016 13:48
Azərbaycan və ukraynalı alimlərin birgə apardıqları araşdırmaların nəticəsi olaraq, dünyada palçıq vulkanlarının əmələ gəlməsi ilə bağlı indiyədək mövcud olan fikirlər dəyişə, vulkanların təzahürü ilə bağlı yeni elmi istiqamət yarana bilər.
AMEA: Palçıq vulkanı olan sahələrdə neft-qaz yığınları var

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan və ukraynalı alimlərin birgə apardıqları araşdırmaların nəticəsi olaraq, dünyada palçıq vulkanlarının əmələ gəlməsi ilə bağlı indiyədək mövcud olan fikirlər dəyişə, vulkanların təzahürü ilə bağlı yeni elmi istiqamət yarana bilər.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Trend-ə bildirib ki, "Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi" adlı layihə çərçivəsində 2012-ci ildən Azərbaycan və Ukraynanın palçıq vulkanlarının kompleks geoloji-geokimyəvi və mineraloji xüsusiyyətləri müqayisəli şəkildə öyrənilir.

Əməkdaşlıq Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsi ilə Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi tərəfindən aparılır. Beş illik müştərək layihə 2017-ci ildə başa çatacaq.

A.Əliyev qeyd edib ki, araşdırmaların sırasında ilk dəfə olaraq Azərbaycanın palçıq vulkanlarında fəsil və aksessor mineralları tədqiq olunur.

Onun sözlərinə görə, 2013-cü ildə ukraynalı alimlər Azərbaycana gələrək ölkəmizdəki vulkanlarla, xüsusilə son 2-3 ildə püskürən vulkanlarla tanış olaraq, müəyyən materaillar toplayıblar: "Bir aydan sonra isə Azərbaycan alimləri Kerc yarımadasına gedərək orada müəyyən işlər aparıblar. Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq, palçıq vulkanlarında fəsil minerallarını öyrənməyə başladıq. Elə oldu ki, getdikcə aksessor minerallarla da rastlaşdıq, yeni tapıntılar oldu, bəzi kimyəvi elementlərə rast gəlindi. Gördüyümüz məhsullar vulkana necə gəlib düşüb? Onlar böyük dərinlikdən gəlibsə, onda fikir dəyişir. Çünki biz bu vaxta qədər dünya miqyasında palçıq vulkanının əmələ gəlməsini, onun təzahürü mexanizmini çökmə süxurlarla əlaqələndirirdik. Belə olduqda onda demək bizim vulkanların əmələ gəlməsi, onların təzahür mexanizminə aid fikrimiz də dəyişir, yeni elmi istiqamət formalaşır".

A.Əliyev qeyd edib ki, yeni elmi fikirlər öz təsdiqini taparsa, bu, elm üçün çox böyük yenilik olacaq: "Onda bununla neft-qazın əmələ gəlməsi məsələsi də ayrı baxımdan görünəcək. Çünki neft-qaz yataqlarının palçıq vulkanlarının fəaliyyəti ilə əlaqəsi var".

A.Əliyev qeyd edib ki, Azərbaycanda, xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda kəşf olunan neft-qaz yataqlarının əksəriyyəti palçıq vulkanlarının strukturları ilə əlaqədardır: "Uzun illərdir ki, palçıq vulkanlarının öyrənilməsi bu istiqamətdə aparılır. Hansı sahədə palçıq vulkanı varsa, ehtimal edilir ki, o ərazidə müəyyən dərinlikdə neft-qaz yığınları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti