...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-ci ilin yekunlarına dair hesabat açıqladı (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2016 14:03 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2015-ci ildə görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-ci ilin yekunlarına dair hesabat açıqladı   (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2015-ci ildə görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2015-ci il ərzində əmək hüquqlarının təminatı, aktiv məşğulluq tədbirlərinin təşkili, sosial təminat sisteminin gücləndirilməsi, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin, fəaliyyət sahələrinin müasir və şəffaf mexanizmlər əsasında qurulması üçün həyata keçirilən islahat tədbirlərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünyada iqtisadi böhranın kəskinləşdiyi 2015-ci ildə Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlandığını vurğulayıb: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar kursu dünyada və regionda yaşanan iqtisadi tənəzzülün milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılmasına, hətta ölkədə ümumdaxili məhsulun həcminin 1,1 faiz artmasına, o cümlədən qeyri-neft sənayesində 8,4 faiz artıma şərait yaradıb. Bu dövrdə mühüm uğurlar kimi, 84 mini daimi olan 100 mindən çox yeni iş yerinin açılmasına, əhalinin gəlirlərinin 5,7 faiz, adambaşına gəlirlərin 4,5 faiz, orta aylıq əmək haqqının 4,5 faiz çoxalmasına, bütün sosial proqramların uğurla davam etdirilməsinə nail olunub. Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən dövlət büdcəsi gəlirlərinin azalmasına baxmayaraq, büdcədən sosialyönümlü xərclər üçün ayrılan vəsait əvvəlki illə müqayisədə 5 faiz artıb".

Nazir bildirib ki, Azərbaycan Prezidenti tərəfindən ötən il sosial müdafiə sahəsi ilə bağlı yeni Fərman və Sərəncamların imzalanması, həmçinin Respublika Əlillərin Bərpa Mərkəzinin, gözdən əlillər üçün 132 mənzilli yaşayış binasının istifadəyə verilməsi tədbirlərində dövlət başçısının şəxsən iştirak etməsi sosial müdafiə sahəsinə Prezident qayğısının növbəti təsdiqi olub: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də öz fəaliyyətini dövlətimizin daim güclənən sosial siyasətinə uyğun qurur. Bu siyasətin uğurlu icrası, əmək və sosial müdafiə sahəsində şəffaf iş üsullarının tətbiqi istiqamətində nazirlik tərəfindən ötən il də məqsədyönlü işlər görülüb".

S.Müslümov hesabat dövründə nazirliyin sosial müdafiə, məşğulluğun təminatı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, peşə hazırlığı və peşəyönümü işin təşkili sahələrində həyata keçirdiyi tədbirlərin ölkə əhalisinin ümumilikdə 1,2 milyon nəfərdən çox hissəsini əhatə etdiyini bildirib: "Bu dövrdə ünvanlı dövlət sosial yardımlarının ünvanlılıq və şəffaflıq prinsipləri əsasında təyinatına ciddi nəzarət davam etdirilib və ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü illə müqayisədə 8773 ailə (38334 nəfər ailə üzvü) və ya 7,2 % azalaraq 2015-ci il üzrə orta hesabla 112662 ailə (492337 nəfər ailə üzvü) təşkil edib. Bu yardımların bir ailəyə düşən orta aylıq məbləği isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 152,6 manata çatıb. Artıq 10 ilə yaxındır ki, ölkədə ünvanlı dövlət sosial yardımı proqramına başlanılıb və həmin müddətdə ehtiyac meyarının məbləği 3,5 dəfə artırılıb".

Dövlət başçısının aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında 30 dekabr 2015-ci il tarixli, habelə ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 20 milyon manat ayrılması barədə 25 yanvar 2016-cı il tarixli Sərəncamları dövlət başçısının aztəminatlı ailələrin sosial müdafiəsinə xüsusi diqqət və qayğısının növbəti ifadəsi olub.

S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanı ilə nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması ötən il nazirliyin həyatında mühüm islahatlardan biri olub: "Ünvanlı dövlət sosial yardımı üçün elektron şəkildə ediləcək müraciətlərə baxılması üçün ailələrlə bağlı tələb olunan məlumat və arayışların elektron qaydada əldə edilməsi məqsədilə sistemdə "Elektron hökumət" portalı üzərindən 20 dövlət qurumuna aid informasiya resurslarının inteqrasiyası nəzərdə tutulur. Artıq iki rayonda sınaq işlərinə başladığımız bu sistem yaxın vaxtlarda bütün ölkə üzrə tətbiq olunacaq ki, bununla da ünvanlı dövlət sosial yardımlarının təyinatına məmurların müdaxilə imkanları aradan qalxacaq, yardım təyinatında tam şəffaflıq təmin olunacaq".

Tibbi-sosial ekspertiza və reabilitasiya xidmətindən bəhs edən nazir hesabat dövründə ilkin olaraq əlil və sağlamlıq imkanları məhdud hesab edilənlərin sayının 2014-cü illə müqayisədə 7254 nəfər azaldığını qeyd edib: "İlkin əlillik müəyyən edilməsi məqsədi ilə əlillik müayinəsi aparılan şəxslərdən əlillik təyin olunanların çəkisi 2015-ci ildə əvvəlki illə müqayisədə 79,6 %-dən 75,9 faizə enib. Ümumilikdə ötən il ilkin əlillik təyin olunan vətəndaşların sayında əvvəlki ilə nisbətən 3969 nəfər, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilən 18 yaşadək uşaqların sayında isə 3285 nəfər azalma olub. Təkrar əlillik müayinəsi aparılan şəxslərdən 5340 nəfəri tam, 3345 nəfəri hissəvi reabilitasiya edilib".

S.Müslümov bildirib ki, dövlət başçısının 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, ötən il nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması əlilliyin müəyyən olunması sahəsində məmur-vətəndaş təmaslarının minimuma enməsinə və şəffaflığın təminatına hesablanıb. Bununla bağlı texniki işlər artıq yekunlaşır. Əlillik müayinəsi üçün müraciət edən vətəndaşdan hər hansı xəstəlik sənədi tələb olunmayacaq və bu, müvafiq qurumun informasiya bazasından elektron qaydada əldə olunacaq. Əlillik müayinəsinin nəticəsinə dair məlumatın öyrənilməsi üçün isə vətəndaşlara artıq geniş imkanlar yaradılıb. Yəni vətəndaş həm nazirliyin "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidmətindən istifadə etməklə, həm də daha asan şəkildə, sadəcə telefonla nazirliyin 142-Çağrı mərkəzinə müraciət etməklə bu məlumatı əldə edə bilir".

Cari ilin yanvar ayında əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları ilə bağlı yeni Əsasnamənin təsdiq edildiyini bildirən S.Müslümov diqqətə çatdırıb ki, bu sənədə əsasən, Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən beş il müddətinə uzadılıb, əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi isə müddətsiz müəyyən olunub. Bu dəyişiklik əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma enməsinə və şəffaflığın artırılmasına yönələn bir tədbir kimi ümumən cəmiyyətdə razılıqla qarşılanıb: "Artıq keçən ilin dekabrından ilkin əlillik təyinatları barədə qərarlar zona TSEK-ləri tərəfindən deyil, nazirlikdə yaradılmış səyyar komissiyalar tərəfindən, ciddi və obyektiv şəkildə aparılan müayinələr nəticəsində qəbul edilir. Bunun müsbət nəticəsi kimi, müraciət edənlər sırasında əlillik təyin olunanların sayında əhəmiyyətli azalma özünü göstərir". Nazir Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanı ilə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılmasının müvafiq sahədə idarəetmənin təkmilləşməsində, tibbi-sosial reabilitasiya tədbirlərinin daha səmərəli təşkilində mühüm rol oynadığını qeyd edib.

Hesabat dövründə sosial cəhətdən həssas qruplardan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, maddi təminatlarının gücləndirilməsi yönündə aparılan işlərdən bəhs edən S.Müslümov həmin dövrdə ümumilikdə 281 müharibə əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini, 132 mənzilli yaşayış binasının gözdən əlillərin, 120 mənzilli yaşayış binasının valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin istifadəsinə verildiyini bildirib: "Hazırda Bakıda və ölkənin bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli və fərdi yaşayış evlərinin inşası, hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir olunması istiqamətində işlər davam edir. Eyni zamanda ötən il 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs "Naz-LİFAN" markalı minik avtomobili ilə təmin edilib və ümumilikdə son iki ildə bu təbəqələrdən olan 1933 nəfər avtomobillə təmin olunub ki, bu da indiyədək ölkəmizdə dövlət tərəfindən avtomobillə təmin edilənlərin 33,6 faizi deməkdir".

Nazir bildirib ki, ötən il həmçinin 463932 nəfərə aylıq və birdəfəlik sosial müavinət, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8 faiz çox, yəni 54 623 nəfərə Prezident təqaüdü ödənilib. Dövlət başçısının cari ilin yanvar ayında imzaladığı Fərman və Sərəncamlarla sosial müavinət və təqaüdlərin məbləği cari il fevralın 1-dən 10 faiz artırılıb ki, bu da sosial cəhətdən həssas qruplara dövlət qayğısının daim artmaqda olduğunu, mövcud iqtisadi şəraitdə də onların sosial müdafiəsinin diqqətdə saxlandığını göstərir.

Hesabat dövründə 29 min nəfər işsiz və işaxtaran vətəndaşın münasib iş yerləri, 4117 nəfər şəxsin müvəqqəti xarakterli işlərlə təmin olunduğunu qeyd edən S.Müslümov 1626 nəfərin haqqı ödənilən ictimai işlərə, 2014-cü illə müqayisədə 9,5 faiz çox, yəni 4147 nəfərin peşə hazırlığına cəlb olunduğunu, 114,5 mindən çox gəncə peşəyönümü məsləhətləri verildiyini bildirib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, hazırda nazirlik tərəfindən işsiz və işaxtaran şəxslərin iş yerləri ilə təminatı məqsədilə dövlət və qeyri-dövlət şirkətləri ilə birgə mühüm işlər aparılır. Müsbət haldır ki, bu məsələ ilə bağlı işəgötürənlərdə sosial məsuliyyət hissi xeyli artıb və son günlərdə işəgötürənlər tərəfindən nazirliyə çoxsaylı boş (vakant) iş yerləri barədə məlumatlar daxil olur. Bu iş yerlərində iş üçün müraciət edən vətəndaşların məşğulluğu təmin edilir. Biz artıq Əmək yarmarkalarına da başlamışıq və bu tədbirlər bütün rayon və şəhərlərdə təşkil olunacaq. Ümumilikdə il ərzində işəgötürənlərlə fəal əməkdaşlıq şəraitində aktiv məşğulluq tədbirləri xeyli gücləndiriləcək".

Nazir həmçinin diqqətə çatdırıb ki, ötən il vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5,5 milyon manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Keçən il 5,1 min nəfərdən çox şəxsə bərpa-müalicə xidmətləri göstərilib, əvvəlki illə müqayisədə 64,6 faiz çox, yəni 265 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib. 3164 nəfər sanator-kurort müəssisələrinə, 1005 nəfər əlilliyi olan şəxs istirahət və sağlamlıq mərkəzlərinə yollayışla təmin olunub. Əlilliyi olan şəxslərə 34075 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1273 ədəd əlil arabası verilib ki, bunlar da 2014-cü illə müqayisədə müvafiq olaraq 49 faiz və ya 2,2 dəfə çoxdur. Respublikada 15 min nəfərədək müvafiq şəxsə səyyar və statisionar şəkildə sosial xidmətlər göstərilib.

Bu dövrdə nazirliyin e-xidmətlərindən 2,2 milyon dəfədən çox, yəni ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlər e-gov üzərindən 45 qurum tərəfindən göstərilən bütün xidmətlərin 19%-ni təşkil edib. Nazirliyin rəhbərliyi və məsul şəxsləri tərəfindən 26145 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib və müvafiq tədbirlər görülüb, 142-"Çağrı mərkəzi" tərəfindən 111386 müraciət cavablandırılıb.

Nazir vurğulayıb ki, ötən il vətəndaşların qəbulu və onların müraciətlərinin cavablandırılması sahəsində şəffaflığın yaradılması və vətəndaşların müraciətlərinin operativ cavablandırılması məqsədilə Vətəndaşların qəbulu və müraciətlərinin qeydiyyatı alt sistemi yaradılıb. Sistemin tətbiqi vətəndaş məmnunluğunun təmin edilməsində müəyyən müsbət addımların atılmasına imkan verib. Eyni zamanda sistem vasitəsilə müraciətlərin təhlil edilməsi sahələr üzrə müəyyən işlərin görülməsinə şərait yaradıb. Qəbulda iştirak etmiş hər bir vətəndaş qəbul nəticəsi barədə qiymətləndirmə aparmaq imkanına malikdir və bu imkandan vətəndaşların aktiv iştirakı müşahidə edilib.

Bundan başqa, qəbula online formada yazılmaq üçün elektron xidmətlər hazırlanıb ki, bu xidmətlər vasitəsilə vətəndaşlar online formada növbə götürə bilərlər. Digər bir xidmət isə qəbulda iştirak edən şəxslərin rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmaları üçün nəzərdə tutulub. Hər iki xidmət üçün ilkin testləşdirmə işləri tamamlanıb və "Elektron hökümət" portalı üzərindən vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır. Əlavə olaraq eyni xidmətlərin "142 Çağrı Mərkəzi" üzərindən də göstərilməsi nəzərdə tutulub.

Kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanovun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin hesabatları dinlənilib. Görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. İclasda nazirliyin struktur bölmələrinin məsul şəxslərinə müvafiq göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti