...

Formula 1 Avropa Qran Prisinin Könüllülər Proqramı ilə Təhsil Nazirliyi arasında memorandum imzalandı

Cəmiyyət Materials 7 Mart 2016 17:54 (UTC +04:00)
Bu gün Formula 1 Avropa Qran Prisinin Könüllülər Proqramı ilə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Formula 1 Avropa Qran Prisinin Könüllülər Proqramı ilə Təhsil Nazirliyi arasında memorandum imzalandı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Formula 1 Avropa Qran Prisinin Könüllülər Proqramı ilə Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tədbir gənclər və idman naziri Azad Rəhimovun və təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Avropa Qran Prisinin Könüllülər Mərkəzində baş tutub. Memorandum nazirlər tərəfindən imzalanıb.

Tərəflər Formula 1 Avropa Qran Prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə səy göstərməyin vacibliyi barədə razılıqlarını bildiriblər.

Görüşdə çıxış edən A.Rəhimov Azərbaycanda gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini qeyd edib: "Gənclər arasında könüllülük fəaliyyətinə maraq olduqca yüksəkdir. İndiyə qədər ev sahibliyi etdiyimiz iri miqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimiz böyük uğura imza atıblar. Ümid edirəm ki, bu ənənə növbədi tədbirlərdə daha yüksək səviyyədə davam edəcək".

Nazir bildirib ki, Azərbaycanda könüllülərin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

M.Cabbarov öz növbəsində bildirib ki, könüllülük fəaliyyəti üzrə qaşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi Avropa Qran Prisinin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək: "Tələbələrin ölkəmizdə keçirilən irimiqyaslı idman yarışlarında könüllü fəaliyyət göstərməsi çox çox sevindirici haldır. Biz Təhsil Nazirliyi olaraq tələbələrin hərtərəfli inkişafını dəstəkləyirik. İnanırıq ki, onların iştirakı ilə Azərbaycan daha böyük işlərin öhdəsindən uğurla gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti