...

"Gəncə - 2016 Avropa Gənclər Paytaxtı" layihəsinin açılışı keçirilir

Cəmiyyət Materials 4 May 2016 09:13 (UTC +04:00)
“Gəncə - 2016 Avropanın Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilir.
"Gəncə - 2016 Avropa Gənclər Paytaxtı" layihəsinin açılışı keçirilir

Bakı. Trend:

"Gəncə - 2016 Avropanın Gənclər Paytaxtı" layihəsinin açılış mərasimi keçirilir.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları şəbəkəsinin üzvləri, həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və xarici qonaqlar iştirak edirlər.

Qonaqlar əvvəlcə ümummillli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını ifadə ediblər.

Mərasim iştirakçılarını salamlayan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri olan Gəncədə görməkdən məmnun olduğunu ifadə edib və tədbiri açıq elan edib.

Qeyd edək ki, açılış mərasiminə İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və digər ölkələrdən nümayəndələr dəvət olunublar.

Proqrama Gəncə şəhərindəki Gənclər Evinin və "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ofisinin açılışı, müxtəlif sərgilərin təşkili, Avropa Paytaxtları Şəbəkəsinin görüşü, "Qadınlar zirvədə" layihəsinin təqdimatı və digər tədbirlər də daxildir.

"Avropa Gənclər Paytaxtı" layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti