...

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində" adlı konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 6 May 2016 17:22 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Akademiya ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövət Komissiyasının birgə təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfrans keçirilib.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində" adlı konfrans keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Akademiya ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövət Komissiyasının birgə təşkilatçılığı ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində" adlı konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, Akademiyanın tanınmış alimləri, Dövlət Komissiyasının üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, professor Urxan Ələkbərov bildirib ki, Azərbaycan dünyada söz sahibi olan bir dövlətə çevrilib. Azərbaycan gənc ölkə olmasına, müharibə şəraitində olmasına baxmayaraq, öz inkişaf göstəricilərinə görə çox böyük uğurlara imza atıb.

U.Ələkbərov deyib ki, Azərbaycan yüksək inkişaf etmiş ölkələrlə bir sıradadır, hətta bəzi ölkələri inkişaf göstəricilərinə görə keçib: "Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiyanın nəticəsidir. Biz müharibə şəraitində olmasaydıq, daha yüksək nəticələrə nail olacaqdıq. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza çox böyük mənfi təsir göstərir. Azərbaycan bu problemin həll edilməsinə böyük diqqətlə yanaşır".

Daha sonra məruzə ilə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu quldur birləşmələri tərəfindən törədilmiş terror, soyqırım, etnik təmizləmə, vandalizm, əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı faktları diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Komissiyanın üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsi ərzində Azərbaycanın dinc əhalisinə qarşı soyqırım siyasəti aparıb. Xocalıda törədilmiş əməllər insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir.

Ç.Qənizadə deyib ki, Ermənistan beynəlxalq konvensiyalara qoşulsa da, sonradan onu pozaraq soyqırım törədib: "Əgər bir ölkə əvvəl konvensiyaya qoşulur, sonra onu kobud şəkildə pozaraq soyqırım törədirsə, buna nə ad vermək olar?! Ermənistan 20 ildən artıqdır ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini yerinə yetirmir. Ancaq əfsuslar olsun ki, Ermənistanın başı sığallanr, kimlərsə onlara himayədarlıq edir. Cinayətkarı nəyə görə dəstəklədiklərini müəyyən edə bilmirik".

Tədbirdə çıxış edən Komissiyasının üzvü Vüqar Rəhimzadə isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi keçmiş sovet rəhbərliyinin, o cümlədən Mixail Qorbaçovun Azərbaycana yaratdığı ən ağır problemdir: "25 ildən artıqdır ki, bizim başımıza bu ağır bəlanı gətiriblər. Ermənistan terrorçu bir dövlətdir və bunu hamı bilir. Dünyada törədilən terorr hadisələrində ermənilərin fəallığı dəfələrlə təsdiq olunub. Ermənilər təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükədir".

V.Rəhimzadə ATƏT-in Minsk qrupunun fəaliyyətini də tənqid edib: "20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona turist kimi səfərə gəlirlər, ancaq heç bir nəticə yoxdur".

O bildirib ki, Azərbaycan gec-tez öz torpaqlarını erməni işğalından azad edəcək: "Azərbaycan işğal olunmuş ərazilərinin azad ediləcəyinə şübhə etmirəm. Bu gün Azərbaycan həm siyasi çəkisinə, həm ordusunun gücünə, həm də iqtisadiyyatına görə dünyada nüfuz qazanan bir ölkə kimi bu məsələyə təsir etmək imkanına malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ədalət gec-tez qələbə qazanacaq".

Tədbirdə çıxış edən Dövlət Komissiyasının üzvü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov da ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən danışıb. O bildirib ki, erməni işğalı nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

G.Fərhadov bildirib ki, Azərbaycan həmin insanların mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün dövlət proqramları həyata keçirib.

Onun sözlərinə görə, ötən il bir məcburi köçkünə 840 manat vəsait xərclənib, ümumilikdə isə indiyə kimi məcburi köçkünlərə 5,4 milyard manat vəsait xərclənib.

G.Fərhadov vurğulayıb ki, Azərbaycan mütləq öz torpaqlarını erməni işğalından azad edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti