...

"Quş qripi"nə görə monitorinqlər başa çatdı

Cəmiyyət Materials 13 May 2016 13:37 (UTC +04:00)
“Quş qripi”nə görə yaz fəslində aparılan monitorinqlər başa çatıb.
"Quş qripi"nə görə monitorinqlər başa çatdı

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə mayın 2-dən 13-dək ölkə ərazisində "quş qripi" xəstəliyinə görə növbəti monitorinq aparılıb.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarında həyata keçirilib. Eləcə də monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan nümunələr götürülüb.

"Quş qripi" xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl quşunun patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından götürülən 1932 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib, nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkar edilməyib.

Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən kütləvi tələfolma hallarına rast gəlinməyib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəmizdə "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında bu xəstəliyin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.

Hazırda quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti