...

"Şahdağ" yay mövsümünü açıq elan edir

Cəmiyyət Materials 8 İyun 2016 14:49 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi iyun ayının 11-dən etibarən bu ilin yay mövsümünü açıq elan edir.
"Şahdağ" yay mövsümünü açıq elan edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzi iyunun 11-dən etibarən bu ilin yay mövsümünü açıq elan edir.

Mərkəzdən Trend-ə bildirilib ki, builki yay mövsümündə hər kəsin maraq dairəsinə və bacarığına uyğun müxtəlif əyləncələr qonaqların ixtiyarında olacaq. Aktiv əyləncəyə üstünlük verənlər üçün xüsusi dağ velosipedi və ya sərbəst velosiped turu, fərqli əyləncə növlərini və sürəti sevənlər üçün trottinet, seqvey - mobil platforma, kvadrosikl, bob kart kimi nəqliyyat vasitələri, sadəcə təmiz dağ havası, ruhu dinləndirən sakitlik və möhtəşəm mənzərələrdən zövq almaq istəyənlər üçün at sürmə, dağlarda gəzinti, adrenalin sevənlər üçün kanatla yüksəklikdən sürüşmə - ziplayn, macəra parkı, peyntbol, azyaşlı turistlərimiz üçün isə hava qəsrlərindən ibarət uşaq parkı və mini kvadrosikllər kimi 12 əyləncə növü təklif olunacaq.

Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün də bir neçə əyləncə növünün daxil olduğu xüsusi paketlər hazırlanıb. Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.

Hazırda kanat yolları vasitəsilə qış nağılından yaşıl cənnətə çevrilən Şahdağ yamaclarını 2000 m yüksəklikdən seyr etmək mümkündür.

Mərkəzdə yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti