...

Tovuzda itkin düşən 27 yaşlı qadının atası: "Qızımın ailəsində tez-tez problemlər olurdu"

Cəmiyyət Materials 22 İyun 2016 17:49 (UTC +04:00)
İyunun 14-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində itkin düşən 27 yaşlı Aytəkin Quliyevanın hadisədən əvvəl ailəsi ilə münaqişəsi olub.
Tovuzda itkin düşən 27 yaşlı qadının atası: "Qızımın ailəsində tez-tez problemlər olurdu"

Bakı. Samir Əli - Trend:

İyunun 14-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində itkin düşən 27 yaşlı Aytəkin Quliyevanın hadisədən əvvəl ailəsi ilə münaqişəsi olub. Bunu Trend-ə açıqlamasında itkin düşən qadının atası Mübariz Quliyev bildirib.

M.Quliyev qeyd edib ki, qızının ailəsində tez-tez münaqişələr olub: "Əvvəllər də ailəsində problemlər, qalmaqallar olurdu. Son vaxtlar isə ailədə daha tez-tez münaqişələr olurdu. Həm qayınatası, həm qayınanası, həm də həyat yoldaşı qızımla dalaşırdılar. Həyat yoldaşı əvvəllər içki düşkünü olub. Amma indi deyirlər ki, guya son vaxtlar tərgidibmiş. Yoldaşı ilə tez-tez mübahisələri olurdu. Ümumiyyətlə, ailə problemli ailədir".

İtkin qadının atası bildirib ki, qızı iyunun 14-də günorta saatlarında qəfil yoxa çıxıb: "Ailə üzvlərindən isə heç kim boynuna almır. Deyirlər ki, guya qızım evdən gedəndə evdə heç kim olmayıb. Ailənin verdikləri informasiyanın heç biri düz gəlmir. Deyirlər ki, heç nə bilmirlər, heç nə görməyiblər. Polisdə həyat yoldaşı və qayınatası ifadə verib. Amma polis heç kimi saxlamayıb. Deyirlər ki, əsas yoxdur. Mən başa düşə bilmirəm, canlı insan itib, bunlar bundan artıq hansı əsas istəyir?"

M.Quliyevin dediyinə görə, bütün qohumlarla əlaqə saxlasalar da, 2 uşaq anası olan A.Quliyeva barədə heç kimdə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti