Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi, “ASAN könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə “Könüllülər Parlamenti – Azərbaycan” layihəsinin açılış mərasimi baş tutub.
"Asan könüllüləri" təşkilatından Trend-ə verilən məlumata görə, Daşkəsən rayonunda yerləşən Gənclərin təlim və istirahət mərkəzində baş tutan açılış mərasimində “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov layihənin məqsədi, ideyası ilə bağlı açılış nitqi söyləyib.
Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, millət vəkili Rövşən Rzayev çıxış edib. Millət vəkili belə bir layihənin gənclər tərəfindən irəli sürülmüş gözəl bir təşəbbüs olduğunu bildirib. Gənclərin belə layihələrdə iştirakının həm şəxsi inkişafına, həm də karyera həyatında uğur qazanmasına səbəb olduğunu qeyd edən millət vəkili gənclərə ölkədə aparılan gənclər siyasəti, ölkə və ordu quruculuğu barədə geniş məlumat verib.
Layihənin birinci günündə Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərlə görüş keçirib. Layihə və layihə iştirakçılarına uğurlar arzulayan nazir müavini ölkəmizdə gənclər və idman sahəsində aparılan mühüm islahatlar və bu islahatların verdiyi töfhələrdən danışıb.
Qeyd edək ki, layihənin əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaqdır. Bildirək ki, “Könüllülər Parlamenti” layihəsi Milli Məclisin simulyasiya formatında təşkil olunacaqd. Layihə iştirakçısı olan “Könüllü deputatlar” müxtəlif komitələr tərkibində Azərbaycandakı qeyri-neft sektorunun başlıca istiqamətləri - təhsil, sənaye, energetika üçün mövcud imkanlar, Azərbaycandakı QHT-lərin xarici ölkə QHT-lərindən əsas fərqləndirici amilləri, problemlərin aradan qaldırılması yolları və s. kimi mövzuları müzakirə edəcək və bu mövzular ətrafında qanun layihəsi hazırlayacaqlar.