...

Sağlamlıq imkanları məhdud 24 uşaq Türkiyəyə bərpa müalicəsinə yola salınıb (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2016 13:16 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 24 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyəyə bərpa müalicəsinə yola salınıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, ƏƏSMN tərəfindən sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri davam etdirilir. Nazirlik qeyd olunan uşaqlardan daha 24 nəfərini valideynlərindən birinin müşaiyəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərib.

Uşaqların valideynləri ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, habelə tibbi-sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar övladlarının sağlamlıqlarının bərpasına, bu məqsədlə xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, göndərilən uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində fizioterapevtik müalicə kursu keçəcəklər: “Həmin mərkəz əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası üzrə ixtisaslaşmış müəssisədir. Bizim göndərdiyimiz uşaqlar və onların valideynləri də həmin mərkəzdə 5 ulduz oteldə yerləşdiriləcək və uşaqlara qabaqcıl fizioterpevtik müalicə metodları əsasında reabilitasiya xidmətləri göstəriləcək. Uşaqların valideynləri də reabilitasiya tədbirlərinə cəlb ediləcəklər”. S.Abdullayev diqqətə çatdırıb ki, cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 128 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Onlardan 70 nəfərini əlilliyi olan şəxslər, 58 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib”.

Şöbə müdiri qeyd olunan insanların sosial müdafiəsi və reabilitasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlərin həyata keçirildiyini bildirib: “Hazırda nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” icra edilir. Bu Proqram çərçivəsində həmin şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilmələri, onlar arasında idman tədbirlərinin keçirilməsi və beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, onların istirahətinin təşkili, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. istiqamətlərdə də işlər aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti