İlk xəbər saat 14:30-da yayılıb
Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə Kəmilə Hüseynova və İbrahim Hüseynov şahid qismində ifadə veriblər.
Həmçinin şahidlər - təqsirləndirilənlərdən Azad Cavadovun əmisi oğlu Tofiq Cavadovun və C.Hacıyevin sürücüsü Aydın Mehdiyevin ifadələri dinlənilib.
Sonra şahidlər prokurorun suallarını cavablandırıblar.
Prosesdə hazırda “Beynəlxalq Bank”da idarə heyəti sədrinin müşaviri vəzifəsində çalışan Emil Mustafayev də şahid qismində ifadə verib. O, vəkillərin suallarını cavablandırıb.
Dövlət ittihamçısı bildirib ki, bankdan ayrılan kreditlərin Dubay, Albaniya və digər ölkələrdə olan layihələrə xərclənməsi ilə bağlı ifadələr var.
Fasilədən sonra prosesdə bankın Suraxanı filialının müdiri Fuad Bağırzadə, “Inter Security” şirkətinin işçisi Əjdər Babayev, bankın Kreditlərə nəzarət departamentinin rəhbəri olmuş Akif Əliyev, bankın İdarə heyəti sədrinin köməkçisi olmuş Anar Bəkirov və “Nəqliyyat” filialının kredit şöbəsinin müdiri Kamran Rəhimli ifadə veriblər.
Məhkəmə proses sentyabrın 5-də davam edəcək.
Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.