...

Azərbaycanda inklüziv təhsilin təşkilinə xüsusi əhəmiyyət verilir

Cəmiyyət Materials 22 Sentyabr 2016 13:03 (UTC +04:00)
Bu gün Azərbaycanda sağlamlıq imkanları məhdud insanlar özlərini cəmiyyətdən təcrid olunmuş hesab etmirlər.
Azərbaycanda inklüziv təhsilin təşkilinə xüsusi əhəmiyyət verilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycanda sağlamlıq imkanları məhdud insanlar özlərini cəmiyyətdən təcrid olunmuş hesab etmirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Bakıda təşkil edilən əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalının iştirakçıları ilə Milli Məclisdə keçirilən görüş zamanı deyib.

A.Naxçıvanlı bildirib ki, Azərbaycanda son illər ərzində inklüziv təhsilin təşkilinə xüsusi əhəmiyyət verilir: “Bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə görülən işləri xüsusilə qeyd etmək lazımdır. Bu məsələlərlə bağlı qanunvericiliyə xeyli əlavə və dəyişikliklər edilib”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda sağlamlıq imkanları məhdud insanlarla bağlı son illər ərzində görülən işlər barədə məlumat verib.

Deputat bildirib ki, dövlətin bu insanlara olan diqqət və qayğısı sayəsində həmin şəxslərin yaşayış şəraiti yaxşılaşdırılıb və bu istiqamətdə görülən işlər hazırda da davam etdirilir”.

Milli Məclisin Gənclər və idman komitəsuinin sədri Fuad Muradov isə bildirib ki, əsas məsələ qanunvericilik bazasının bütün təbəqələri üçün əlçatan olmasını təmin etməkdir: "Bu baxımdan Azərbaycanın sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasını nəzərdə tutan qanunvericilik bazası Avropa standartlarına cavab verir".

Sağlamlıq imkanları məhdud insanların aktiv həyata cəlbini olduqca vacib sayan deputat hesab edir ki, belə insanların mobilliyi nə qədər çox təmin olunarsa, onların problemlərini bir o qədər dərindən öyrənmək mümkün olar.

Qeyd edək ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabrın 21-də Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalı işə başlayıb. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti