...

Azərbaycanın geoiqtisadi atlası nəşr edilib

Cəmiyyət Materials 5 Oktyabr 2016 10:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən "Azərbaycan Respublikasının Geoiqtisadi Atlası" ingilis dilində nəşr edilib.
Azərbaycanın geoiqtisadi atlası nəşr edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən "Azərbaycan Respublikasının Geoiqtisadi Atlası" ingilis dilində nəşr edilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, üç hissədən ibarət olan atlasda Azərbaycanın iqtisadiyyatı və xarici ticarət əlaqələri haqqında ümumi göstəricilər, ölkənin üzv olduğu beynəlxalq təşkilatlar və dünya iqtisadiyyatında böyük paya sahib olan dövlətlər ilə iqtisadi əlaqələri, regional, qlobal enerji və nəqliyyat layihələrində dövlətimizin rolu və mövqeyi haqqında məlumatlar əksini tapıb.

Atlasın birinci hissəsində Azərbaycan iqtisadiyyatı haqqında ümumi məlumat verilib, ÜDM-in səviyyəsi, ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı və sənayenin payı göstərilib. Bu hissədə son on il (2005-2015) ərzində Azərbaycanın xarici ticarət əlaqələrinin dinamikası, həm idxal, həm də ixrac üzrə əsas ticarət tərəfdaşları ilə iqtisadi əlaqələri, həmçinin ölkənin qeyri-neft sektoru üzrə xarici ticarət əlaqələri, iqtisadiyyata yönəldilmiş daxili və xarici investisiyalar üzrə göstəricilər verilib.

İkinci hissədə Azərbaycanın Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyinə üzv dövlətlər, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM), Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Türk Şurası və Körfəz Əməkdaşlıq Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar ilə ticarət əlaqələrinin dinamikası və bu əlaqələrin Azərbaycan iqtisadiyyatında payı öz əksini tapıb. Azərbaycanın Çin və Amerika Birləşmiş Ştatları kimi güclü iqtisadiyyata malik dövlətlər ilə ticarət əlaqələrinə dair göstəricilər də burada yer alıb.

Üçüncü hissədə isə Azərbaycanın iştirak etdiyi, istifadə edilən və tikilməkdə olan nəqliyyat və enerji xətləri layihələri haqqında ümumi məlumat və ölkəmizin bu layihələrdə pay göstəriciləri verilib. Burada Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həmçinin Bakı Beynəlxalq Ticarət Limanı Kompleksi və onun potensialı, Azərbaycanın bu layihələrdə mövqeyinə dair məlumatlar da əksini tapıb. Enerji layihələri çərçivəsində isə hazırda istismar edilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft boru kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, tikintisi davam etdirilən və Azərbaycanın da böyük pay sahibi olduğu Cənub Qaz Dəhlizi və digər layihələr haqqında ətraflı məlumatlar verilib. Atlasda eyni zamanda, tarixi İpək Yolunun bərpası üçün Azərbaycanın irəli sürdüyü təşəbbüslər, bu istiqamətdə iştirak etdiyi TRASEKA və "Bir kəmər, bir yol” kimi layihələr haqqında məlumatlar da öz əksini tapıb.

Sonda isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonları haqqında məlumat yerləşdirilib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və unikal geoiqtisadi xəritələr toplusundan ibarət bu atlas Azərbaycan iqtisadiyyatı haqqında dolğun təsəvvür yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti