Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərində Gənclər Mərkəzinin açılışında gənclərlə görüşündə deyib: “....çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir”. Dövlətimizin başçısının bu tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb.
Ötən müddət ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 5 tur-aksiya təşkil olunub. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 7135 nəfər iştirak edib.
Cari il noyabr ayının 12-15-də və 17-20-də həyata keçiriləcək 6-cı mərhələdə isə 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə 3120 nəfər iştirak edəcək. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edənlərin sayı 10255 nəfər olacaq.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Aksiya çərçivəsində ölkə gəncləri Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Qəbələ, Şəki, Zaqatala, Quba, Qusar, Xaçmazda qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirəcək, park və xiyabanları gəzəcək, qoruq və göllərə ekskursiya edəcəklər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək gənclər Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Cömərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına Mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və nəfis çörək zavoduna, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl milli parkına ekskursiya edəcəklər.
Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcək iştirakçılar Lənkəran rayonunda “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları ilə, Astara rayonunda şəhər bulvarı, “Yanar Bulaq” və “Astaraçay” çay fabriki ilə, Masallı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, ASAN həyat kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.
Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edən iştirakçılar Qəbələ rayonunda Heydər Əliyev adına Konqres Mərkəzi, “Qəbələnd” istirahət mərkəzi, “Beltmann” piano zavodu, “Tufandağ” xizəkçilik kompleksi və Qəbələ konserv zavodu ilə tanış olacaq, Çuxur Qəbələ tarix-mədəniyyət qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiyalar edəcəklər. Tur çərçivəsində qonaqlar Şəki Dövlət tarix-memarlıq qoruğu, Şəki xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaq, sənətkarlar məhəlləsinə ekskursiya edəcəklər. Zaqatala rayonunda Zaqatala tarixi-mədəniyyət qoruğu, Dədə Qorqud Meydanı ilə tanış olacaq, fındıq emalı müəssisəsinə baxış keçirəcəklər.
Quba-Qusar-Xaçmaz istiqamətində səfər edən iştirakçılar Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” qış-yay turizm kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya edəcəklər.
Bu tur-aksiya çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və məzmunlu təşkil etmək üçün “Nə? Harada? Nə zaman?” intellektual oyunları təşkil ediləcək, qaliblərə xatirə hədiyyələri təqdim olunacaq. Tədbir çərçivəsində iştirakçılar tərəfindən xüsusi hazırlanmış yerlərdə 3 mindən çox ağac əkiləcək.