Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda istintaq hərəkətləri zamanı videoçəkilişdən istifadə edildiyi halda hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılacaq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Ə.Hüseynli bildirib ki, Prezident İlham Əliyev tərəfindən təklif olunan bu layihə kifayət qədər əhəmiyyətlidir.
Komitə sədrinin sözlərinə görə, zaman-zaman həm cinayət təqibinin sadələşdirilməsi, həm də cinayət mühakimə icraatının tezliyinin təmin olunması ilə bağlı məsələlər qaldırılır. Ə.Hüseynov bu gün müzakirəyə çıxarılan layihənin bu kimi məsələlərin həllinə yönəldiyini söyləyib.
O qeyd edib ki, yeni layihəyə əsasən, istintaq hərəkətləri zamanı videoçəkilişdən istifadə edildiyi halda hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılacaq:
“Burada hal şahidlərinin iştirakının ancaq məcbuirliyi aradan qaldırılır, amma hal şahidlərinin iştirakı həm də mümkündür. Digər tərəfdən, apelyasiya baxışının təyin olunması barədə ilkin qərardan kassasiya şikayətinin verilməsi prosesinin məhdudlaşdırılmasına dair təkliflər irəli sürülüb. Belə ilkin qərardan şikayətin verilməsi əslində, cinayət mühakiməsinin bəzən aylarla uzadılmasına gətirib çıxarır”.
Ə.Hüseynov hesab edir ki, bu dəyişikliyin edilməsi cinayət təqibinin sadələşdirilməsi və cinayət mühakiməsi prosedurunun tezləşdirilməsi üçün vacibdir.
Milli Məclsin deputatı Qüdrət Həsənquliyev dəyişikliklərlə bağlı bəzi məsələlərin ona qaranlıq qaldığını deyib: “Azərbaycanda cinayət təqibi zamanı belə problemlər ortaya çıxır ki, guya əməliyyat aparan orqanlar özləri müəyyən maddi sübutları hadisə yerinə qoyurlar, sonra onu oradan götütürlər. Hətta bəzi hallarda hal şahidlərini də ittiham edirlər. İndi hal şahidi olmadan da çəkiliş aparılsa, bu halda məhkəmə baxışı zamanı daha ciddi suallar ortaya çıxaracaq və əməliyyat çəkilişinin obyektyivliyi şübhə altına alınacaq. Tutaq ki, çəkiliş zamanı aşkara çıxarılmış maddi sübutların istintaq orqanları tərəfindən, yaxud əməliyyat-axtarışı həyata keçirən orqan tərəfindən qoyulub-qoyulmaması ilə bağlı məsələlər ortaya çıxaracaq. Düşünürəm ki, bu, ədalət məhkəməsini şübhə altına alan bir məqam olacaq və ona görə də bu dəyişikliyi etmək bəlkə də tezdir”.
Qeyd edək ki, layihəyə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 hal şahidinin iştirakı mütləqdir. Məcəlləyə müxtəlif təyinatlı digər dəyişikliklər də təklif olunur.