...

Çovdarovla bağlı növbəti məhkəmə iclası noyabrın 28-nə təyin edilib

Cəmiyyət Materials 23 Noyabr 2016 20:33 (UTC +04:00)
Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam edib.
Çovdarovla bağlı növbəti məhkəmə iclası noyabrın 28-nə təyin edilib

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam edib.

Trend-in məlumatına görə, prosesdə şahid qismində "Riad" mühafizə xidmətinin rəisi Etibar Qasımov ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Jurnalistlərə açıqlama verən A.Çovdarovun vəkili Kamandar Nəsibov qeyd edib ki, jurnalistlərin məhkəmə iclasına buraxılması ilə bağlı vəsatət verib: "Məhkəmə vəsatəti təmin etməyib".

Vəkilin sözlərinə görə, daha sonra şahid qismində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq, hazırda təqaüddə olan əməkdaşı İsgəndər Hüseynov dindirilib və şahid zərərçəkmiş Şahmar Qurbanovun Türkiyədə axtarışda olduğunu deyib".

Daha sonra Ş.Qurbanov jurnalistlərə açıqlamasında şahid İ.Hüseynovun yalan danışdığını söyləyib: "Həmin şahid Akif Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Məhkəmədə hər şeyi yalan danışdı. Akif Çovdarova brilyantı xarici ölkədən onunla birlikdə gətirmişəm. Bunların hamısı Akif Çovdarovun göstərişi ilə olub. Həmçinin, məni Akif Çovdarovun otağına İsgəndər aparıb".

Ş.Qurbanov vurğulayıb ki, Bakı şəhərində olan evini A.Çovdarovun göstərişi ilə İ.Hüseynovun arvadının adına keçirib.

Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti