Bakı. Hüseyn Vəliyev - Trend:
"Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin 2017-ci il üçün prioritet planlarından biri Azərbaycan ərazisində təbii nüvə xammalı ehtiyatlarının tapılması olacaq. Bu barədə Trend-ə QSC-dən bildiriblər.
Mərkəzdən verilən məlumata görə, bu istiqamətdə işlər Şamaxı və Naxçıvanda aparılacaq.
QSC-nin perspektiv planlarına tədqiqat nüvə reaktorunun tikintisi də daxildir. Bununla əlaqədar olaraq hazırlıq işləri görülür, sənədlər hazırlanıb, təsdiqlənir. Eləcə də hansı növ reaktorun lazım olması, istifadə olunacağı məsələsi araşdırılır.
QSC-dən bildiriblər ki, hazırda Mərkəzin mütəxəssisləri Sloveniya və Rusiyadakı reaktorların iş prinsipini öyrənirlər: "2016-ci ildə QSC-nin 8 gənc mütəxəssisi xaricdə bu istiqamətdə təcrübə keçib. Bizim layihələrimiz çox maliyyə tələb edir, yəni buna görə də realizə maliyyələşmədən çox asılıdır. Ona görə ölkədə tədqiqat nüvə reaktorunun yaxın vaxtlarda istifadəyə veriləcəyini demək mümkün deyil".