...

“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu təsis edilib (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2017 17:47 (UTC +04:00)
Fevralın 27-də Azərbaycan Prezidenti yanında Bilik Fondunda “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun təsis iclası keçirilib.
“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu təsis edilib (FOTO)

Bakı. Trend:

Fevralın 27-də Azərbaycan Prezidenti yanında Bilik Fondunda “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun təsis iclası keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, klubun təsisində məqsəd gənclərin diqqətini Azərbaycan tarixinin öyrənilməmiş və unudulmuş səhifələrinə yönləndirmək, Azərbaycanın maddi-mədəni irsinin, xüsusən Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyası irsinin qorunmasına cəlb etmək, XX əsrin əvvəllərindən etibarən çağdaş Azərbaycan tarixinə faciələr gətirmiş “erməni məsələsi”nin mahiyyətini ölüm, qan, terror daşıyıcısı olduğunu göstərmək, qondarma “Dağlıq Qarabağ” probleminin yaranmasında erməni məkrini öyrənməkdir.

“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun təsis iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov klubun fəaliyyətini özündə əks etdirən Əsasnamə ilə iştirakçıları tanış edib. Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri qeydə alınıb. Eyni zamanda klubun strukturu, iş planı, görüləcək tədbirlərin forma və məzmunu, eləcə də tərkibi müzakirə edilib. İclasda iştirak edən fəal gənclər arasından klubun sədri və sədr müavini seçilib, onlara vəziləri və görüləcək işlər haqqında məlumat verilib.

İclasda iştirak edən tanınmış tarixçi alimlər Klubun yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirib, Azərbaycan elminin potensialının inkişafına gənclərin dəyərli töhfə verəcəklərinə inandıqlarını deyib və “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubuna dəstək olacaqlarını bildiriblər.

“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun qarşısında qoyulan əsas vəzifələr tarixçi alimlər və tanınmış elm adamları ilə qarşılıqlı əməkdaşlıq etmək, Azərbaycan tarixini dərindən öyrənmək məqsədilə layihələr hazırlamaq, Azərbaycan ictimaiyyətinin maarifləndirilməsinə dəstək vermək, AMEA-da çalışan alimləri klubun işinə cəlb etməklə birgə tədbirlər (“dəyirmi masalar” və görüşlərin, mühazirələr, seminarlar və təqdimatların, bilik müsabiqələri və intellektual yarışların) təşkil etmək və keçirmək; Qafqaz Albaniyası reallıqlarını göstərən buklet, xəritə, kitabçalar hazırlamaq və KİV-də, elmi nəşrlərdə Azərbaycan həqiqətlərini işıqlandıran məqalələrin dərcinə dəstək göstərməkdir.
“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri sırasına Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir qrup tələbələri və Bilik Fondunun Könüllüləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti