...

Sumqayıtın icra başçısı: Məcburi köçkünlərin məskunlaşdığı obyektlərin əksəriyyəti sanitar norma və tələblərə cavab vermir

Cəmiyyət Materials 9 Mart 2017 22:45 (UTC +04:00)
Məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlərin əksəriyyəti sanitar norma və tələblərə cavab vermir.
Sumqayıtın icra başçısı: Məcburi köçkünlərin məskunlaşdığı obyektlərin əksəriyyəti sanitar norma və tələblərə cavab vermir

Trend-i buradan izləyin

Bakı. Trend:

Məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlərin əksəriyyəti sanitar norma və tələblərə cavab vermir.

Trend-in məlumatına görə, bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov martın 9-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Z.Fərəcov qeyd edib ki, məlum hadisələr nəticəsində Sumqayıt şəhərində respublikamızın 10 şəhər və rayonundan 13 min 330 ailə, 52 min 176 məcburi köçkün müvəqqəti olaraq məskunlaşıb: “Ağdam rayonundan 3225, Qubadlı rayonundan 22 min 273, Kəlbəcər rayonundan 507, Laçın rayonundan 5962, Zəngilan rayonundan 5144, Füzuli rayonundan 7165, Xocalı şəhərindən 463, Xocavənd rayonundan 483, Cəbrayıl rayonundan 5913, Şuşa şəhərindən 763 məcburi köçkün yaşayır. Hazırda məcburi köçkünlər aşağıdakı sosial və digər obyektlərdə məskunlaşıblar: ictimai binalarda - 2697 nəfər; yataqxanalarda - 4688 nəfər; təhsil müəssisələri və uşaq bağçalarında - 5292 nəfər; hərbi hissələrə məxsus binalarda - 1655 nəfər; qohum evində - 1270 nəfər; tikintisi yarımçıq binalarda - 1334 nəfər; sanatoriya, pansionat və istirahət evlərində - 3687 nəfər; digər vətəndaşlara məxsus mənzillərdə - 3514 nəfər; şəhərətrafı ərazilərdə tikilmiş gecəqondularda – 28 min 39 nəfər”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlər, yataqxanaların əksəriyyəti sanitar norma və tələblərə cavab vermir. Ən adi məişət şəraiti belə mövcud deyil. Hazırda köçkünlərin yaşadığı on beş yataqxana binası qəzalı vəziyyətdədir:

“Məktəblərdə əlavə sinif otaqlarına və şəhərdə uşaq bağçalarına tələbat 25 faiz ödənildiyi üçün yenilərinin tikintisinə böyük ehtiyac olduğu halda, əksər məktəblərdə və 56 uşaq bağçasının 50-də məcburi köçkünlər yerləşdirilib. Bütün bunlarla yanaşı, şəhərdə məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeni şəhərciyin salınması məqsədəuyğun olardı. Sumqayıt şəhərində hazırda torpaq sahəsinin məhdudluğu nəzərə alınaraq, bu məqsəd üçün iki variant təklif edilib. Birinci variant Sumqayıt stansiyası yaşayış massivinin yaxınlığında məcburi köçkünlərin yerləşdirilməsi üçün ayrılmış 200 hektar torpaq sahəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsidir. Artıq həmin 200 hektardan 50 hektar torpaq sahəsi 3-4 il bundan əvvəl Komitəyə ayrılıb. Sərəncam da verilib, layihə də hazırlanıb. Əlavə olaraq 150 hektar ehtiyat saxlanılıb ki, əlavə nə qədər tikinti olsa, orada aparıla bilər”.

Z.Fərəcovun sözlərinə görə, ikinci variant, şəhərdəki İnşaatçılar yaşayış sahəsində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti ötmüş, qəzalı vəziyyətdə olan taxta konstruksiyalı, kommunal xidmətləri olmayan, ikibloklu, səkkizmənzilli binaların sökülərək yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsidir: “Burada inşa olunacaq binalar üçün yeni kommunikasiya xətlərinin çəkilməsinə ehtiyac qalmayacaq. Sumqayıtdan kənarda, 8-10 kilometrlik məsafədə yerləşən 200 hektar ərazidə kommunikasiya xətləri olmadığı halda, təklif edilən ikinci variantda - şəhərin köhnə hissəsində bu imkan var. Yəni, kommunikasiya xətlərinin çəkilməsinə ehtiyac duyulmur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti