Bakı. Səba Ağayeva - Trend:
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu metroda baş vermiş partlayış nəticəsində yaralanmış azərbaycanlı Zaur Vəliyevi ziyarət edib.
Baş konsul Sultan Qasımovun Trend-ə bildirdiyinə görə, yaralının vəziyyəti stabildir, orta ağırlıqlı olaraq dəyərləndirilir. Baş konsul onu da qeyd edib ki, yaralı sağalmaq üzrədir.
Z.Vəliyev Rusiya vətəndaşıdır və Orenburqda anadan olub.
Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbər Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq etmişdi.
Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 45 nəfər xəstəxanaya yerləşdirilib.