Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar, Astara, Qazax, Samux, Şəmkir, Goranboy, Gədəbəy, Daşkəsən, Ağstafa, Naftalan, Göygöl, Tovuz, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon və şəhərlərində yeni turizm və rekreasiya zonalarının yaradılması məqsədilə iş aparılır.
Trend-in məlumatına görə, bu, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Hesabatda qeyd edilib ki, “Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2017-2018-ci illər üzrə Fəaliyyət Planı” hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilib. Qusar turizm və rekreasiya zonasının idarəetmə strukturu yaradılıb. Hazırda zonanın baş inkişaf planlarının hazırlanması üzrə işlər aparılır.
Hesabatda bildirilib ki, turizm və rekreasiya zonalarının baş planlarının hazırlanması məqsədilə aidiyyəti qurumlardan strateji planların və digər zəruri sənədlərin əldə edilməsində çətinliklər mövcuddur ki, bu da işlərin gecikməsi ilə nəticələnir.