Bakı. Trend:
Bakı Şopinq Festivalı, heç şübhəsiz, dünyanın bir çox ölkəsindən, xüsusilə qonşu dövlətlərdən Azərbaycana turistlərin cəlb edilməsi üçün mühüm fürsətdir.
Trend-in məlumatına görə, bunu bakushopfest.com saytına müsahibəsində Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi bildirib.
Onun fikrincə, bu festival yalnız əcnəbi vətəndaşları və turistləri cəlb etmək deyil, həm də ölkə vətəndaşlarını alış-verişə həvəsləndirmək, yerli məhsulların istehsalını artırmaq imkanı yaradır.
Misirli diplomatın sözlərinə görə, təsadüfi deyil ki, I Bakı Şopinq Festivalının əldə etdiyi böyük uğurdan sonra ikinci festivala qoşulan şirkət və brendlərin sayı xeyli artıb: “Festivalın gedişində alış-veriş mərkəzlərinə böyük axının şahidi oluruq. Şübhəsiz ki, bu təcrübə yüksək qiymətləndirilməlidir və ənənənin davamlı olmasını arzu edirik”.