...

“Trend” və İtaliyanın “Agenzia Nova” informasiya agentliyi əməkdaşlıq sazişi imzalayıb

Cəmiyyət Materials 25 Oktyabr 2017 18:38 (UTC +04:00)
“Trend” İnformasiya Agentliyi və İtaliyanın “Agenzia Nova” İnformasiya Agentliyi arasında əməkdaşlıq və məlumat mübadiləsi barədə saziş imzalanıb
“Trend” və İtaliyanın “Agenzia Nova” informasiya agentliyi əməkdaşlıq sazişi imzalayıb

Bakı. Trend:

“Trend” Beynəlxalq İnformasiya Agentliyi və İtaliyanın “Agenzia Nova” İnformasiya Agentliyi arasında əməkdaşlıq və məlumat mübadiləsi barədə saziş imzalanıb.

Sazişi “Trend”in baş direktoru İlqar Hüseynov və “Agenzia Nova”nın baş direktoru Fabio Skuillante imzalayıblar.

Sazişə əsasən, tərəflər daimi şəkildə bir-birini İtaliyanın və Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı barədə operativ məlumat-təhlil və multimedia materiallarla təmin edəcəklər. Sazişdə agentliklərin təkcə xəbərlərlə yox, həm də foto və videomateriallarla mübadilə apara biləcəyi barədə bəndlər yer alıb.

Saziş həmçinin “Agenzia Nova” və “Trend”in əməkdaşları arasında təcrübə mübadiləsini nəzərdə tutur.

1995-ci ildə Azərbaycanda yaradılmış “Trend” İnformasiya Agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. “Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların, xüsusilə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan xəbərlərini bu ölkələrin və həmçinin, bütün dünya auditoriyası üçün istehsal edir. “Trend”in baş ofisi Bakıda yerləşir.

“Agenzia Nova” Balkan, Yaxın Şərq və Afrika ölkələri haqqında iri italyandilli informasiya mənbəyi və beynəlxalq siyasət və iqtisadiyyata həsr olunmuş xəbərlərin sayına görə İtaliyanın aparıcı agentliyidir. Agentliyin mənzil-qərargahı Romada yerləşir. Agentliyin xəbərlər buraxılışı gündəlik 500-dən çox məlumatı əhatə edir. Bundan başqa agentlik beynəlxalq mətbuatın gündəlik bülletenini dərc edir. Buraya 60 ölkədə 1200-ə yaxın nəşrin icmalı əsasında hazırlanmış 300 məqalə daxildir. “Agenzia Nova” həmçinin İtaliyada qanunvericilik fəaliyyətinin gündəlik monitorinqini təqdim edir və iri özəl şirkətlərin rəhbərliyi üçün daxili və beynəlxalq siyasətin gündəlik analitik icmalını dərc edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti