...

UNICEF Azərbaycanda inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsini alqışlayır

Cəmiyyət Materials 15 Dekabr 2017 16:56 (UTC +04:00)
UNICEF Prezident İlham Əliyev tərəfindən "2018-2024-cü illərdə Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsini alqışlayır.
UNICEF Azərbaycanda inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsini alqışlayır

Bakı. Trend:

UNICEF Prezident İlham Əliyev tərəfindən "2018-2024-cü illərdə Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsini alqışlayır.

Bu barədə Trend-ə təşkilatdan bildirilib.

UNICEF qeyd edir ki, Dövlət Proqramı ölkədəki hər bir uşağın təhsil və öyrənmə imkanı ilə təmin edilməsi istiqamətində mühüm addımdır. Belə ki, Dövlət Proqramında əlilliyi olan uşaqların əsas təhsil müəssisələri və sinif otaqlarına çıxışını təmin etməyi nəzərdə tutan tələblər, eləcə də müəllimlərin hazırlanması və təlim-tədris resurslarına sərmayənin qoyulması, əlilliyi olan uşaqlar üzrə disaqreqasiya edilmiş (parçalanmış) məlumatın hazırlanması və əlilliyi olan uşaqların əsas təhsilə çıxış hüquqlarına dair ictimai məlumatlılıq səviyyəsini yüksəltmək məqsədi daşıyan təşəbbüslər təyin edilir.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib: “Azərbaycan regionda əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanı ratifikasiya etmiş ilk ölkələrdən biri olub. Yeni Dövlət Proqramının imzalanması əlilliyi olan uşaqların hüquqlarının təmin edilməsi istiqamətində ölkənin qətiyyətini nümayiş etdirir”.

O əlavə edib ki, əlilliyi olan uşaqların cəmiyyətin bütün aspektlərinə, xüsusilə də təhsilə daxil edilməsi milli prioritet təşkil etməlidir: "Mən ümid edirəm ki, inklüziv təhsil üzrə Dövlət Proqramının işə salınması inklüziv təhsilə daha çox sərmayənin qoyulması və əlilliyi olan uşaqların gündəlik həyatın bütün aspektlərinə tam sosial inklüziyasını təşviq edən fəaliyyətlə dəstəklənəcək”.

Rəsmi statistikaya əsasən, 2016-cı ildə Azərbaycanda əlilliyi olan şəxs kimi qeydiyyata alınmış uşaqların sayı təqribən 67 min olub, lakin onlar arasında təqribən yalnız 12 400 uşaq ya evdə, ya da xüsusi müəssisələrdə təhsil alır.

Əlilliyi olan uşaqların cəmiyyətə daxil edilməsinin dəstəklənməsi UNICEF-in Azərbaycanda gördüyü işlərin mərkəzi komponentlərindən birini təşkil edir. Bu iş yalnız inklüziv təhsil sahəsini deyil, həmçinin gənc uşaqlar arasında əlillik hallarının erkən aşkarlanması və idman oyunları və rekreasiya fəaliyyətlərində iştirak etmələri üçün əlilliyi olan uşaqlar üçün bərabər imkanların yaradılması kimi sahələri də əhatə edir.

E.Karvardin bildirib: “Əgər biz diqqətimizi yalnız uşağın əlillik halına yox, həm də onun bacarıq və potensialına cəmləsək, o zaman uşağa yaşadığı cəmiyyətə həm bu gün, həm də gələcək üçün mənalı və dəyərli töhfə verməkdə kömək edərik. Məktəblərə, müəllimlər və məktəb rəhbərliklərinin təliminə və daha yaxşı kurikuluma sərmayə qoymaqla və əlilliyi olan uşaqlara qarşı ictimai münasibətləri dəyişməklə biz əlilliyi olan uşaqlara dəyərli bacarıqlar əldə etmək və layiqli iş tapmaq və beləliklə, dövlətdən asılılığı azaltmaq imkanı veririk – bunlar birlikdə bizim bütün millətin gələcəyinə sərmayə qoymağımız deməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti