...

Məleykə Abbaszadə: Avadanlıqların alınması, proqram təminatının yenilənməsi də imtahan qiymətinə daxil edilməlidir

Cəmiyyət Materials 28 Dekabr 2017 10:29 (UTC +04:00)
2019/2020-ci tədris ili üzrə ali məktəblərə qəbul və buraxılış imtahanları ilə bağlı nəzərdə tutulan dəyişikliklərin modeli ictimaiyyətə təqdim edilib.
Məleykə Abbaszadə: Avadanlıqların alınması, proqram təminatının yenilənməsi də imtahan qiymətinə daxil edilməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

2019/2020-ci tədris ili üzrə ali məktəblərə qəbul və buraxılış imtahanları ilə bağlı nəzərdə tutulan dəyişikliklərin modeli ictimaiyyətə təqdim edilib. Lakin modeldə nəzərdə tutulan yenilikləri tətbiq etmək üçün “Təhsil haqqında” qanuna dəyişikliklər edilməli, hüquqi tənzimlənmələr aparılmalı, maliyyələşdirmə məsələləri nəzərə alınmalıdır.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış və qəbul imtahanlarının modeli dəyişsə də, imtahanların maliyyələşmə məsələsi müzakirə mövzusudur.

M.Abbaszadə qeyd edib ki, 2018/2019-cu tədris ili üçün ali məktəblərə qəbul qaydalarında ciddi dəyişiklik edilməyəcək: "Bu qaydalar demək olar ki, 2017-2018-ci tədris ilinin qəbul qaydaları ilə eyni olacaq. Biz qəbul qaydaları ilə bağlı yeni hazırladığımız layihədə qeyd etmişik ki, iki dəfə imtahan verən şəxslər müxtəlif ixtisas qruplarını seçə bilsinlər. Artıq Təhsil Nazirliyi və Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı razılığını bildirib. Lakin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Ümidvaram ki, yanvar ayında Nazirlər Kabineti bu məsələyə baxacaq və qaydalar təsdiq olunacaq”.

M.Abbaszadənin sözlərinə görə, imtahanların keçirilməsi zamanı daim texnoloji yenilikləri tətbiq etmək lazım gəlir: “Bunun üçün bizə avadanlıqlar, texnoloji qurğular, proqram təminatı lazımdır. Texnoloji qurğular müəyyən müddət işlədikdən sonra təmirə ehtiyac yaranır, bəziləri sıradan çıxır. Yeni texnoloji avadanlıqların alınması üçün bizə yenə də maliyyə vəsaiti lazım olur. Bu avadanlıqların alınması, eyni zamanda proqram təminatının yenilənməsi də imtahan qiymətinə daxil edilməlidir. Təbii ki, bizim məqsədimiz insanların maddi vəziyyətinə təsir göstərməməsi üçün daha uyğun variantların seçilməsi, bütün metodiki və təşkilati işlərin optimallaşdırılmasına nail olmaqla, hamı üçün uyğun olan imtahan qiymətinin müəyyən edilməsidir”.

M.Abbaszadə onu da əlavə edib ki, Dövlət İmtahan Mərkəzinin nəzdində yeni yaradılacaq Karyera İnkişaf Mərkəzi də ödənişli xidmətlər göstərəcək: “Bəzən insanlar ünsiyyət qurmaqda, məqsədlərinin müəyyən olunmasında, hədəflərinə doğru irəliləməkdə çətinlik çəkirlər. Biz həmin mərkəz vasitəsilə belə insanlara kömək edəcəyik, onlar bizim mütəxəssislərimizin məsləhətlərindən istifadə edə biləcəklər. Karyera İnkişaf Mərkəzində xidmətlər fərdi olaraq göstəriləcəyindən burada xidmətlər ödənişli olacaq. Amma bu xidmətlər hansısa kateqoriya üçün layihə şəklində icra olunsa və buna görə maliyyə vəsaiti ayrılarsa, xidmətlər ödənişsiz olacaq”.

Qeyd edək ki, bu ildən başlayaraq, ali və orta ixtisas məktəblərinə qəbul imtahanında iştirak etmk üçün abituriyentlər ödəniş etməlidirlər.

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.

Orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğ dövlət büdcəsi hesabına ödənilir.

Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən, təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti