...

Belarusdakı diplomat xanımlarına Azərbaycan mədəniyyəti təqdim edilib (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2018 20:16 (UTC +04:00)
Minsk Beynəlxalq Qadın Klubunun üzvlərinin iştirakı ilə tədbir keçirilib.
Belarusdakı diplomat xanımlarına Azərbaycan mədəniyyəti təqdim edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Belarusdakı səfirliyində səfirlərin, diplomatların və xarici nümayəndələrin xanımlarını özündə birləşdirən Minsk Beynəlxalq Qadın Klubunun üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən qonaqlar səfirlikdə yaradılmış muzeydə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı eksponatlara baxıb və kitabxana ilə tanış olublar.

Səfirin həyat yoldaşı Nailə Qəndilova çıxış edərək xalqımızın zəngin tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələri ilə bağlı qonaqlara geniş məlumat verib. Bildirilib ki, Qərblə Şərqin qovuşmasında yerləşən Azərbaycan zəngin tarixə malikdir məhz buna görə də xalqımız özünün mədəniyyətində həm Şərq, həm də Qərb mədəniyyətinin dəyərlərini birləşdirir. Ölkəmizin bir çox tarixi abidələrinin UNESCO-nun qeyri maddi irs siyahısına salındığı vurğulanıb. Qonaqlara Azərbaycan mətbəxi ilə bağlı geniş məlumat verilərək bildirilib ki, 2017-ci ildə Azərbaycan mətbəxinin ləziz yeməklərindən olan dolma UNESCO tərəfindən Ümumdünya qeyri-maddi irs siyahısına daxil edilib.

Sonra N.Qəndilova qonaqları özünün çəkdiyi rəsmlərindən ibarət sərgi ilə tanış edib.

Səfirliyin birinci katibi Nigar Çandirli və diplomatların həyat yoldaşları özlərinin hazırladıqları milli xörəklərimizi və şirniyyatlarımızı qonaqlara təqdim ediblər.

Sonda qonaqlar Azərbaycan mətbəxinin ləziz yeməkləri və şirniyyatı ilə bəzədilmiş süfrəyə dəvət edilib və onlara Azərbaycan tarixi, mədəniyyəti və musiqisi ilə bağlı film nümayiş etdirilib.

Tədbirdə Türkiyənin səfiri xanım Kezban Nilvana Darama, Almaniya, Rumıniya, Fələstin, Ukrayna, Qırğızıstan və Pakistan səfirlərinin həyat yoldaşları, səfirliklərin xanım əməkdaşları və Belarus XİN-in nümayəndəsi iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti