...

DİN-in rəsmi “İnstagram” səhifəsi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 2 Aprel 2018 16:02 (UTC +04:00)
Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə biləcəklər.
DİN-in rəsmi “İnstagram” səhifəsi fəaliyyətə başlayıb

Bakı. Trend:

Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə biləcəklər.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 1-dən qurumun rəsmi “Instagram” səhifəsi də fəaliyyətə başlayıb, ictimaiyyət və izləyicilər üçün açıqdır.

Səhifədə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.

“azerbaycan.din” adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.

Qeyd edək ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci il mayın 16-dan DİN-in rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb.

Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Ötən müddətdə paylaşılan məlumatların izlənmə sayının artması, pozitiv şərhlər səhifəyə ictimaiyyətin marağının göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti