...

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2018 15:59 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib.
BDU-da  Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor A.Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə 2017-ci ildə BDU-da yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı hesabatla çıxış edib. Prorektor qeyd edib ki, BDU-nun 17 fakültəsinin 124 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 23 elmi-tədqiqat labora­to­ri­yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Ümumiyyətlə 2017-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 185 mövzu üzrə 1046 elmi iş yerinə yetirilib.

Prorektor universitetdə fəaliyyət göstərən Dissertasiya Şuralarında müdafiə edilən işlərdən, professor-müəllim heyəti və əməkdaşlar tərəfindən respublika və xaricdə nəşr etdirilən əsərlərdən, universitetdaxili, respublika və beynəlxalq əhəmiyyətli qrant layihələrindən, Elmi kitabxananın, Universitet nəşriyyatının fəaliyyətindən, BDU nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» liseyinin uğurlarından, 150 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işlərinin aparılmasından bəhs edib. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırdığını deyən prorektor hesabat ilində Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 19 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsinin imzalandığını da diqqətə çatdırıb. Prorektor A.Kazımzadənin əhatəli məruzəsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev BDU ilə AMEA-nın birgə əməkdaşlığının elm və təhsilin inkişafına öz təsirini göstərməsindən, Akademiyada işləyənlərin böyük əksəriyyətinin BDU məzunu olmasından, BDU-nun elmi hesabatlarının hər il daha da təkmilləşməsindən danışıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə birinci yeri tutmuş təbiət fakültələri üzrə Kimya və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası, Humanitar fakültələr üzrə Jurnalistika, Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrası mükafatlandırılıb.

2017-ci ildə əldə etdikləri ən yüksək elmi nailiyyətlərinə görə, Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Ralfrid Həsənov və Tarix fakültəsinin Azərbaycan tarixi (Təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev “İlin alimi” fəxri adına layiq görülüblər. Kimya fakültəsinin Metalkompleks katalizatorları ETL-nin elmi işçisi Ofelya Balayeva, Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova 2017-ci ildə yüksək uğurlar əldə etdiyinə görə Fəxri fərmanla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti