Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Bakıda piyada səkiləri ilə yanaşı, avtobus dayanacaqlarının zəbt edilməsi problemi də müşahidə edilir.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, belə olan halda piyadalar məcbur olub yolun hərəkət hissəsinə keçirlər ki, bu da təhlükəsizliyin təmin edilməsinə problemlər yaradır.
F.İsmaylov bildirib ki, bir neçə gün öncə Xətai rayonunda da belə bir problem meydana çıxmışdı: “Dovlət başçısının Bakı Nəqliyyat Agentliyi qarşısında qoyduğu ən vacib tapşırıqlarından biri də piyadaların təhlükəsizliyini təmin etməkdir və biz bütün aidiyyəti qurumları birgə koordinasiya şəklində bu işləri görməyə dəvət edirik”.
BNA-nın mətbuat katibi Mais Ağayev isə bildirib ki, Xətai rayonundakı problem qismən öz həllini tapıb və dayanacaq məntəqəsi ətrafında quraşdırılmış hasarlar sökülüb, hazırda isə dayanacaq pavilyonuna dəymiş zərər aradan qaldırılır.
O əlavə edib ki, Binəqədi rayonunda dayanacağın zəbt edilməsinin aradan qaldırılması istiqamətində rayon İcra Hakimiyyəti ilə birgə iş aparılır.