...

BDU-da Murtuz Ələsgərovun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2018 18:21 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Milli Məclis, Yeni Azərbaycan Partiyası və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, tanınmış ictimai-siyasi xadim və elm-təhsil təşkilatçısı, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda olub, görkəmli dövlət xadiminin məzarı önünə əklil qoyublar. Konfransdan əvvəl BDU-nun Hüquq fakültəsində Murtuz Ələsgərovun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefinin açılışı olub.

Konfransın plenar iclasında rektor, akademik Abel Məhərrəmov çıxış edib, universitetdə böyük xidmətlər göstərmiş görkəmli ziyalıların əziz xatirəsinin hər zaman yüksək tutulduğunu, bu günün də ali təhsil ocağının tarixində əlamətdar günlərdən biri olduğunu bildirib. Beynəlxalq səviyyədə tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun unudulmaz xidmətlərini yaddaşlarda əbədiləşdirmək üçün bir sıra işlər görüldüyünü, onun adına adlı təqaüd təsis edildiyini qeyd edib. Murtuz Ələsgərovun hüquq elmi sahəsindəki əvəzolunmaz xidmətlərindən bəhs edən akademik A.Məhərrəmov onun Beynəlxalq hüquq sahəsində həm ilk elmlər namizədi, həm də ilk elmlər doktoru, professor olmuş azərbaycanlı olduğunu söyləyib.

Onu da bildirib ki, 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş Murtuz Ələsgərov bu təhsil ocağının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mühüm islahatların əsasını qoyub. Eyni zamanda, həmin dövrdə cərəyan edən mühüm ictimai-siyasi proseslərdə də yaxından iştirak edib.

Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək qeyd edib ki, bütün həyat və fəaliyyətini hüquq elminin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə, müstəqil dövlətimizin qurulmasına, möhkəmlənməsinə və inkişafına həsr edən Murtuz Ələsgərov Azərbaycanın elmi və ictimai-siyasi tarixində silinməz izlər qoyub, o vaxt mətbuatda dərc olunan yazılarında ulu öndər Heydər Əliyevin Azərbaycanı xilas edə biləcək yeganə siyasi lider olduğunu çəkinmədən bəyan edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov görkəmli dövlət xadimi Murtuz Ələsgərovun böyük və şərəfli ömür yolu keçdiyini qeyd edib, onun Azərbaycan xalqının görkəmli ziyalılarının parlaq nümunəsi olduğunu bildirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov bildirib ki, görkəmli dövlət xadimi Murtuz Ələsgərov ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsi ortaya atılanda həmin ədalətsiz qərara qarşı mübarizə aparanlara dəstək verib, ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoyub.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə söyləyib ki, görkəmli ictimai-siyasi xadim Murtuz Ələsgərov respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlayıb, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək edib.

Konfransda Rusiya Federasiyasının Əməkdar hüquqşünası, professor Revol Valayev, Moskva Dövlət Universitetinin prorektoru, professor İqor Barisoviç, Ukrayna Respublikasından professor Leonid Timçenkonın nitqindən sonra tədbir Murtuz Ələsgərov adına adlı təqaüdçü, Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Əkbər Əliyevin çıxışı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti