...

Bilik Fondu ilə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası niyyət protokolu imzalayıb (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2018 18:46 (UTC +04:00)
Mərasimdə hər iki qurumun rəhbərləri və əməkdaşları iştirak ediblər.
Bilik Fondu ilə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası niyyət protokolu imzalayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, fondda gerçəkləşən mərasimdə hər iki qurumun rəhbərləri və əməkdaşları iştirak ediblər.

Fondun icraçı direktoru Oktay Səmədov Niyyət Protokolunun imzalanması və əməkdaşlığa başlanılması təşəbbüsünün Assosiasiya və Bilik Fondu əməkdaşlarının iştirakı ilə keçirilmiş görüşlərdə maarifləndirici tədbirlərin birgə təşkili məsələlərinin müzakirəsi və mütəmadi fikir mübadiləsinin nəticəsi olaraq irəli sürüldüyünü xatırladıb.

İcraçı direktor belə bir protokolun imzalanmasına ehtiyac olduğunu deyərək, sənədin ölkə əhalisinin maarifləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq cəhdlərininin dəstəklənməsi və inkişaf etdirilməsi məqsədi daşıdığını bildirib.

Qeyd edilib ki, sahibkarlıq fəaliyyətinin təbliği və təşviqi ilə bağlı birgə layihələrin işlənib hazırlanması, xanımların lektor qismində mühazirələrə cəlb olunması, elmi-praktik konfransların, maarifləndirici görüşlərin, intellektual müsabiqələrin, bilik yarışmalarının, təlimlərin təşkili, materialların nəşri, qısametrajlı sənədli filmlərin, video-çarxların çəkilməsi, Assosiasiyanın təqdim etdiyi məlumatlar əsasında vakant iş yerlərinə dair məlumat bankının yaradılması, xarici ölkə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə maarifləndirici layihələrə cəlb edilməsi Protokolun əsas mahiyyətini təşkil edir.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək, sənəddə əksini tapan müddəaların həyata keçməsi istiqamətində səylə çalışmağa hazır olduqlarını bildirib, rəhbərlik etdiyi qurumun potensialından yararlanaraq, ictimaiyyətin iqtisadi baxımdan maarifləndirilməsi işinə töhfə verəcəklərini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində əksini tapan tələblərə uyğun fəaliyyət göstərdiklərini deyən S.Babayeva Bilik Fondu ilə faydalı əməkdaşlıq çərçivəsində qadınların bacarıqlarının müxtəlif istiqamətlərdə düzgün yönləndirilməsinə dəstək verə biləcəklərinə əminliyini ifadə edib.

Niyyət Protokoluna uyğun olaraq, birgə fəaliyyət proqramının hazırlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti