Bakı. Elçin Mehdiyev – Trend:
İnsanları daha çox narahat edən məsələlərdən biri, efirdə rəsmi dövlət dili olan Azərbaycan dilinin leksik və qrammatik normalarının aparıcılar tərəfindən tez-tez, həm də kobud surətdə pozulmasıdır. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev bildirib.
O qeyd edib ki, bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hələ 2012-ci ildən başlayaraq Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Elektron Mediaya Yardım Fondu İctimai Birliyinin layihələri əsasında davamlı olaraq teleradio yayımçılarının monitorinqləri aparılıb, Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun dilçilik kafedrasının əməkdaşları tərəfindən aşkar edilmiş pozuntu faktları medianın iştirakı ilə Şura tərəfindən geniş müzakirə olunub:
“Ədalət naminə deməliyik ki, bütün bunların nəticəsi olaraq efirdə Azərbaycan dilinin leksik və qrammatik normalarına əməl olunması istiqamətində hissolunacaq dərəcədə irəliləyişə nail olunub. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzalamış olduğu 1 noyabr 2018-ci il tarixli fərmanda qeyd olunduğu kimi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azadılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”.
O qeyd edib ki, Prezident fərmanında dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən Dövlət Dil Komissiyası yanında “Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması nəzərdə tutulur:
“Bu fərman bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan Prezidenti və Azərbaycan dövləti Azərbaycan xalqının arzu və istəklərinə uyğun olaraq çoxəsrlik tarixi olan milli-mənəvi dəyərlərimizin, o cümlədən milli sərvətimiz olan dilimizin saflığının qorunması və dövlət dilindən istifadənin getdikcə daha artıq təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar artmaqdadır. Təbiidir ki, Prezidentin təşəbbüsü ilə görülən bu işlər bütövlükdə Azərbaycan ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanmaqdadır”.