...

Nazirlik: Hemodializlə müalicə üçün növbədə dayanan xəstə yoxdur (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2018 12:51 (UTC +04:00)
Bu gün Azərbaycanda dövlət hesabına hemodializlə müalicə üçün növbədə demək olar ki, xəstə yoxdur.
Nazirlik: Hemodializlə müalicə üçün növbədə dayanan xəstə yoxdur (FOTO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu gün Azərbaycanda dövlət hesabına hemodializlə müalicə üçün növbədə demək olar ki, xəstə yoxdur.

Bunu Trend-ə Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq Sabirabad və Zərdab MRX-da Hemodializ şöbələri əhalinin istifadəsinə verilib. Sabirabadda istifadəyə verilən 8, Zərdab Mərkəzi rayon xəstəxanasında isə 5 süni böyrək aparatları bu xəstəlikdən əziyyət çəkən hər iki rayon sakinlərinin ehtiyaclarını dövlət hesabına ödəməyə imkan verəcək.

Hazırda xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyinin tərəfindən tam təmin olunurlar.

Qeyd edək ki, xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır.

Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşısını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti