Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür. Bu mənada muxtar respublikada oftalmoloqların peşəkarlıqlarının artırılması və müasir oftalmologiya elminin son nailiyyətlərindən istifadə də diqqət mərkəzindədir. Trend xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Naxçıvanda Azərbaycanın gənc oftalmoloqlarının “Müasir oftalmologiya elminin son nailiyyətləri və problemlər” mövzusunda keçirilən XII elmi-praktik konfransında səsləndirib.
O qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafı istiqamətində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə səhiyyə sisteminin yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması, səhiyyə infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində ardıcıl iş aparılır. Bununla yanaşı, ixtisaslı tibbi kadrların hazırlanması da diqqət mərkəzində saxlanılır. Həkimlər müxtəlif ixtisasartırma kurslarına cəlb olunurlar. Həmçinin müxtəlif mövzularda konfranslar təşkil edilir, birgə müayinələr və cərrahi əməliyyatlar aparılır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə hər il çoxlu sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirmələri muxtar respublika əhalisinin sağlamlığının qorunmasında, həm də yerli həkimlərin təcrübələrinin artırılmasında əhəmiyyətli rola malikdir.
Səhiyyə naziri Azərbaycan gənc oftalmoloqlarının XII konfransının muxtar respublikamızda keçirilməsinin ölkəmizin Gənclər Paytaxtı seçilmiş Naxçıvanda oftalmologiyanın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada tibb kadrların yetişdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Elmi-praktik konfransın keçirilməsinə verdiyi dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov qeyd edib ki, konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycanın qədim diyarlarından olan Naxçıvanda səhiyyənin inkişafı istiqamətində mühüm işlər görülür. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti də yarandığı gündən ölkəmizdə oftalmoloqların peşəkarlıqlarının artırılmasında öz dəstəyini əsirgəməyib. Eyni zamanda, oftalmoloqların üzləşdiyi problemlərin həllində də öz yardımını göstərib. Bu il ölkəmizin Gənclər Paytaxtı seçilən Naxçıvanda bu tədbirin keçirilməsində məqsəd göz xəstəlikləri ilə bağlı gənc mütəxəssislər tərəfindən fikir mübadiləsi aparmaqdan ibarətdir. Konfransda xarici ölkələrlə yanaşı, Azərbaycanın digər regionlarından olan oftalmoloqlar da göz xəstəlikləri ilə bağlı mühazirələrini təqdim ediblət.
Tədbirdə Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, göz cərrahı Sunay Duman, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru Aleksey Yeqorov və s. çıxış ediblər.