Bakı. Samir Əli - Trend:
Bakının Xocahəsən qəsəbəsində 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 7 nəfərdən 6-sı evə buraxılıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan 6 nəfərin vəziyyəti yüngül olduğundan onlar tibbi yardım göstəriləndən sonra öz xahişləri ilə ambulator müalicəyə buraxılıb: "Yaralılardan 1 nəfər qadın, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. O, hadisə zamanı ağır kəllə-beyin travması alıb".
Bundan başqa, hadisə nəticəsində xəsarət alaraq 1 saylı Respublika klinik Xəstəxanasına yerləşdirilən 2 nəfər tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Respublika Klinik Xəstəxanasından Trend-ə bildiriblər ki, həmin 2 nəfərin səhhəti normal olduğu üçün qəbuldan imtina edib. Hər iki yaralı ambulator müalicəyə göndərilib.
X X X
21:41
Binəqədi rayonunda marşrut avtobusu qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə rayonun Xocahəsən qəsəbəsində baş verib. 119 saylı xətt avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə açıqlamasında bildirib ki, hadisə yerinə 12 Təcili Tibbi Yardım Briqadası yollanıb və 9 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Kliniki Xəstəxanasına, 7 nəfər isə Kliniki Tibbi Mərkəzə qəbul olunub.
Kliniki Tibbi Mərkəzə yerləşdirilən 63 yaşlı bir qadının vəziyyəti ağır, digər xəstələrin vəziyyəti isə orta ağırdır.