...

Zoopark direktoru: Qonur ayı ilə bağlı heç bir müraciət daxil olmayıb

Cəmiyyət Materials 1 Mart 2019 19:58 (UTC +04:00)
Quba sakini Abbas Zeynalovun həyətində aşkarlanan qonur ayı ilə bağlı Bakı Zooloji Parkına heç bir müraciət daxil olmayıb.
Zoopark direktoru: Qonur ayı ilə bağlı heç bir müraciət daxil olmayıb

Bakı Ceyhun Ələkbərov - Trend:

Quba sakini Abbas Zeynalovun həyətində aşkarlanan qonur ayı ilə bağlı Bakı Zooloji Parkına heç bir müraciət daxil olmayıb. Bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

Direktorun sözlərinə görə, bundan əvvəl Bakı Zooloji Parkına müraciət etdiyini iddia edən A.Zeynalovu yalnız KİV-lər vasitəsilə tanıyıb: "Müraciət edibsə belə, bu məsələ ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur. Mənə bu xəbəri deyəndə çox təəccübləndim. Guya ayını saxlayan şəxs əvvəllər mənə müraciət edib, ancaq mən heyvanın xəstə olduğunu bəhanə edərək onu götürməmişəm. İlk növbədə onu deyim ki, Abbas Zeynalovun saxladığı ayını görməmişəm və görmədiyim heyvanın xəstəliyi ilə bağlı fikir bildirə bilmərəm. Mən onu başa düşürəm: insan etdiyi hərəkətə bəraət qazandırmaq üçün gərək nəsə desin".

O bildirib ki, ona bu günə qədər vətəndaşlar tərəfindən kimsəsiz heyvanların saxlanması ilə bağlı müraciətlər olunub və bu məsələyə biganə yanaşılmayıb: “Müraciət əsasında zooparkda yer olub-olmadığını araşdırırq, əgər yer olarsa, biz həmin heyvanı qəbul edirik. Abbas Zeynalov da digər şəxslər kimi həqiqətən bizə müraciət etsəydi, çalışıb ona yardım göstərərdik və heyvan üçün yer olmadığı halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsini tövsiyə edərdik”.

A.Hüseynov əlavə edib ki, Zooloji Parkda 7 baş Qafqaz qonur ayısı var və onların bir neçəsi vətəndaşların müraciəti əsasında müxtəlif obyektlərdən gətirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı nazirliyin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Azərbaycanın “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti