...

31 mart soyqırımı ilə əlaqədar Ombudsman silsilə tədbirlər keçirib

Cəmiyyət Materials 1 Aprel 2019 21:05 (UTC +04:00)
31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Ombudsman tərəfindən silsilə tədbirlər təşkil edilib
31 mart soyqırımı ilə əlaqədar Ombudsman silsilə tədbirlər keçirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Hər il olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Bakı və bölgələrdə, Ombudsmanın regional və resurs mərkəzlərində silsilə tədbirlər təşkil edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, belə ki, Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qazax şəhəri İ.Qayıbov adına 3 saylı və Ağstafa şəhəri A.Abdullayev adına 2 saylı tam orta məktəblərdə, Şəki Regional Mərkəzi tərəfindən Balakən rayonu Tülü, Zaqatala rayonu Göyəm, Oğuz rayonu Çalut kəndlərində, Şəki rayonunun Çələbixan qəsəbəsində və Küdürlü kəndində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq tipli uşaq evində, Cəlilabaddakı Tibb Kollecində, 2 və 8 saylı tam orta məktəblərdə, Quba Regional Mərkəzi tərəfindən isə Şabran şəhər 2 saylı, Quba rayon 6 saylı və rayonun Qaraçay məktəblərində belə silsilə tədbirlər keçirilib. Habelə kütləvi surətdə insanların qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Quba soyqırımı Memorial Kompleksi ziyarət edilib.

Həmin tədbirlərdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Adı çəkilən regional mərkəzlərin rəhbərləri çıxışlar edərək mövzu ilə bağlı ətraflı məlumat veriblər. 31 mart qanlı hadisələrindən yalnız 80 il sonra – 1998-ci ildə Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verildiyi, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyi və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğu bildirilib.

Bu soyqırımın Azərbaycan tarixində baş vermiş faciələrdən ən qanlı və dəhşətlilərindən biri olduğu, “Böyük Ermənistan” yaratmaq xülyası ilə ermənilərin 1905-1907-ci illərdə, həmçinin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin Azərbaycan torpaqlarını əhatə etdiyi, həmin il erməni-bolşevik birləşmələri, silahlı daşnakların dinc azərbaycanlıların evlərinə soxularaq kütləvi insan qırğınını həyata keçirdiyi və bunun 31 mart - 2 aprel tarixlərində davam etdirildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmış, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillər olmuş, bu ərazidə mart hadisələri zamanı qətlə yetirilmiş on minlərlə insanın xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmışdır.

Eyni zamanda Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan, Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində, həmçinin Müvəkkilin Ahılların Resurs Mərkəzində də Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbirlər təşkil olunub. Bu tədbirlərdə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Raisa Cəfərova, Ombudsman Aparatının əməkdaşları Faiq Ağayev və Müqalib Mahmudov, Müvəkkilin Ahılların Resurs Mərkəzinin nümayəndəsi çıxışlar edərək faciə haqqında geniş məlumat veriblər. Sonra uşaqların mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.

Habelə Aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilən paytaxt və regionlardakı məktəblərdə də soyqırıma həsr olunmuş tədbirlər təşkil olunub.

Müvəkkilin təşkil etdiyi bütün tədbirlərdə onun 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Bəyanatı səsləndirilib. Həmin Bəyanatın BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi vurğulanıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən təşkil olunan anım tədbirləri və konfranslarında Müvəkkilin Bəyanatı səsləndirilib və iştirakçılara paylanılıb. O cümlədən ölkəmizin Küveytdəki səfirliyi tərəfindən təşkil olunmuş anım mərasimində həmin Bəyanat iştirakçılara təqdim olunub. Habelə 31 mart 2019-cu il tarixdə Bulgaristan Haber (bghaber.org) saytında Ombudsmanın Bəyanatı dərc edilib.

Ombudsmanın bəyanatları Azərbaycan Respublikasının Norveçdə, Danimarkada, İndoneziyada, Malayziya, İran, Bolqarıstan və Küveytdəki səfirlikləri tərəfindən keçirilən çoxsaylı tədbirlərdə səsləndirilmiş və iştirakçılara paylanmış, həmin ölkələrin Xarici İşlər Nazirliklərinə və diplomatik nümayəndəliklərə təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti