İlk xəbər saat 20:40-da yayımlanıb
Bakı. Samir Əli - Trend:
Bakıda 171 saylı xətt marşrutu üzrə hərəkət edən marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəstəxanaya yerləşdirilən yaralılardan 17 nəfər evə buraxılıb.
Bu barədə Trend-ə açıqlamasında 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov məlumat verib.
Baş həkim bildirib ki, hadisə nəticəsində 27 nəfər xəstəxanaya müraciət edib: "Onlardan 3 nəfər uşaq, 24 nəfər isə böyükdür. Müraciət edənlərdən 17 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra ambulator müayinəyə buraxılıb. Hazırda 10 nəfər xəstəxanaya qəbul olunub. Onlardan 6 nəfərin vəziyyəti ağır olduğundan reanimasiya, 4 nəfər isə travma şöbələrinə yerləşdirilib.
Xatırladaq ki, bu gün axşam saatlarında Bilgəh qəsəbəsindən "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu ilə kommunal xidmət avtomobili ilə toqquşub.
XXX
20:40
Bakıda yol qəzası baş verib.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bir qədər əvvəl Hava limanı avtomagistralında yol nəqliyyat hadisəsi baş verib. Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 Dövlət Qeydiyyat Nişanlı avtobusa dəyib.
Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb. İlkin məlumata görə hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.
Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.