...

Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsahibə təşkil olunub (FOTO)

Cəmiyyət Materials 20 İyun 2019 14:54 (UTC +04:00)
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsahibə təşkil olunub.
Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsahibə təşkil olunub (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsahibə təşkil olunub.

Trend-in məlumatına görə, müsahibə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib.

ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, milli parklara direktorluğa namizədliklə bağlı 30-a yaxın şəxs müraciət edib

"Hal-hazırda xüsusi olaraq Ağgöl Milli Parkında direktor vəzifəsinə vakant yer var. Bu gün müsahibədə qoyulan bütün kriteriyalara cavab verən namizəd Ağgöl Milli Parkına direktor təyin olunacaq. Müsahibənin nəticəsi isə ən geci sabaha qiymətləndirmə aparıldıqdan sonra açıqlanacaq. Eyni zamanda, bu gün müsahibədə iştirak edən və kriteriyalara cavab verən digər namizədlərin də adları nazirliyin kadr bazasına daxil ediləcək və milli parklarda direktor vəzifəsinə vakant yerlər olduqda həmin namizədlərə müraciət olunacaq”.

Nazirlik rəsmisi bildirib ki, direktor vəzifəsinə işə qəbul üzrə müsahibədə iştirak edən namizədlər sahəvi biliklər, idarəetmə bacarığı, ümumi dünyagörüşü, kollektivlə iş bacarığı, sahə üzrə beynəlxalq bilik və iş təcrübəsi, natiqlik, kompüter bilikləri meyarları üzrə qiymətləndiriləcək:

“Çünki Milli parkların ərazisi kompleks ərazilərdir. Burada həm elmi iş aparılmalı, həm turizm fəaliyyəti inkişaf etdirilməli, həm də mühafizə işi təşkil olunmalıdır. Bu baxımdan da Milli park direktorları kompleks bacarıqları olan şəxslər olmalıdır. Əminliklə deyirəm ki, bu gün direktorluğa namizədlər çox açıq, şəffaf və demokratik yolla seçiləcək. Siz jurnalistlər də burada iştirak edərək bunun şahidisiz. Müsahibə yekunlaşdıqdan sonra komissiya üzvlərinin iştirakı ilə yenidən qiymətləndirmə aparılacaq və Ağgöl Milli Parkına direktor təyin edilən şəxsin kimliyi yaxın günlərdə ictimaiyyətə elan ediləcək”.

Müsahibədə iştirak edən Bulud Quliyev müsabiqə barədə mətbuatdan məlumat aldığını bildirib: ''Nazirliyin milli parklara direktor vəzifəsinə vakant yerlərin olması barədə elanla tanış oldum və sənədlərimi təqdim etdim. Bu gün də müsahibə üçün Ağcabədi rayonundan gəlmişəm. Uzun illər İcra hakimiyyətində işləmişəm. Ağgöl Milli Parkının flora və faunasına da bələdəm. Əgər müsahibədən keçsəm, nazirliyin, dövlətin qarşımıza qoyduğu məsələlərin həyata keçirilməsinə var qüvvəmlə çalışacağam. Müsahibədə iştirak etdim və müsahibənin şəffaf və demokratik şəkildə keçirilməsindən razı qaldım''.

Müsahibədə iştirak edən yeganə qadın namizəd Sevil Məmmədli də müsabiqə barədə internetdən məlumat aldığını deyib: ''İstərdim ki, milli parklarda direktorlardan bir neçəsi qadın olsun və öz bacarıqlarını sübut etsinlər. Eyni zamanda, seçiləcək namizəd biologiya sahəsində çalışan mütəxəssis olsun. Həmçinin o, Azərbaycanı tanıtmaq, nümayiş etdirmək üçün milli parkı təmsil edə bilmək qabiliyyətində olsun''.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən namizədlər Milli Parklara direktor seçildikdən sonra görəcəkləri işlər, gələcək planları, dünyagörüşləri barədə komissiya üzvlərinə geniş məlumat veriblər.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən namizədlər Milli parklara direktor seçildikdən sonra görəcəkləri işlər, gələcək planları, dünyagörüşləri barədə geniş məlumat veriblər.

May ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti