Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələr sırasında yer alır.
Trend-in məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda istilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair" seminarda deyib.
Nazir müavininin sözlərinə görə, bu təsirlər əsasən özünü quraqlıqlar, daşqınlar və temperatur artımı şəklində göstərir. Bu baxımdan, ölkəmiz iqlim dəyişikliyi üzrə qlobal danışıqlar və təşəbbüslərdə fəal şəkildə iştirak edir.
R.Hacıyev əlavə edib ki, Azərbaycan hökuməti üçün ekologiya və ətraf mühitin mühafizəsi məsələləri daim prioritet təşkil edib: "Bunun bariz nümunsədir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan 20-dən çox beynəlxalq konvensiyalara qoşulub. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və 2016-cı ildə həmin Konvensiyaya əlavə olan Paris Sazişini imzalayıb və ratifikasiya edib".
Nazir müavini qeyd edib ki, Azərbaycan da "Milli Səviyyədə Müəyyən Edilən Töhfələr" barədə sənədi təqdim edərək istixana effekti yaradan qaz emissiyalarını 1990-cı illə müqayisədə 35 faiz azaltmaq məqsədini qarşıya qoyub.
Hazırda prioritet olaraq müəyyən edilmiş energetika, sənaye, kənd təsərrüfatı, torpaqlardan istifadə, meşəçilik və tullantıların idarə olunması sektorları üzrə bəzi öhdəliklərin yerinə yetirilməsinə başlanılıb: "Yaşıl İqlim Fondunun dəstəyi ilə icrasına başlanılan əməkdaşlığa hazırlıq üzrə cari layihənin məqsədi ölkədə qeyd olunan tədbirlərin həyata keçirilməsini təmin edərək kənd təsərrüfatı, torpaqlardan istifadə və meşəçilik sektorları üzrə öhdəliklərin yerinə yetirilməsinə şərait yaratmaqdır. Bugünkü seminar Azərbaycanın Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlığına yönəlmiş növbəti tədbirlərdən biridir. Qeyd etmək istərdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə bir neçə ildir ki, məqsədyönlü əməkdaşlıq edir. Hesab edirəm ki, bu əməkdaşlıq önümüzdəki illərdə də uğurla davam edəcək".