Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüşün məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində birgə tədbirlərin müzakirəsindən ibarət olub.
Ombudsman ötən illər ərzində UNİCEF-lə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, uşaq hüquqları, o cümlədən sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün uşaqların hüquqları üzrə mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edərək qonağa öz təşəkkürünü bildirib.
E.Süleymanova Avropa Şurasının uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ratifikasiyası və Uşaqların Cismani Cəzadan müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi istiqamətində, uşaqlara qarşı zorakılıq, o cümlədən uşaq alveri və uşaqların cinsi istismarı ilə bağlı regionlarda birgə tədbirlərin keçirilməsi, monitorinqlərin aparılması, müəssisələrdə və sığınacaqlarda olan uşaqların, həmçinin qaçqın, məcburi köçkün, miqrant ailələrdəki uşaqların vəziyyətinin araşdırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsini, bununla yanaşı məcburi köçkünlərin yaşadığı qəsəbələrdə ədalətli sülh mövzusunda təlimlərin keçirilməsini təklif edib.
O, Avropa Şurası tərəfindən təsis edilən 18 noyabr Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunmasına dair Avropa Gününə dəstək məqsədilə Müvəkkilin təşəbbüsü ilə hər il keçirilən uşaq hüquqları aylığında birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. E.Süleymanova görüşdə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasına BMT-nin uşaqların alveri və cinsi istismarı üzrə Xüsusi Məruzəçisinin növbəti hesabatının hazırlanması və bu məqsədlə üzv dövlətlər və müvafiq tərəfdaşlardan məlumatların toplanması çağırışı barədə məlumat verib.
E.Karvardin Müvəkkilin bütün təkliflərini müsbət qarşılayaraq, onların UNİCEF və Azərbaycan höküməti arasında imzalanacaq yeni dövlət proqramında da nəzərə alınmasının əhəmiyyətini qeyd edib. O, təklif olunan qanunvericilik aktlarının təşviqi məqsədilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsini, uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində əhalinin məlumatlılığın artırılmasını, bu sahədə monitorinq apararaq faktların aşkar edilməsini, xidmətlərin göstərilməsi və risk qrupuna daxil olan uşaqlara qarşı zorakılığın qarşısının alınması məqsədilə preventiv tədbirlərin görülməsini təklif edib.
Müvəkkil Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsi vəziyyətinin qiymətləndirilməsi məqsədilə milli insan hüquqları təsisatı olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim ediləcək paralel hesabatda da mühüm təkliflərin əks olunduğunu vurğulayıb. Görüşdə həmçinin 2019-2029-cu illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyasının layihəsinə uşaqların maraqlarının müdafiəsi naminə Müvəkkil tərəfindən təkliflərin irəli sürüldüyü bildirilib.
Görüşdə uşaq hüquqlarının səmərəli müdafiəsi, qaynar xətt xidməti, fərdi müraciətlər üzrə yanaşmalar, uşaqlara ünvanlanan sosial-reabilitasiya xidmətlərinin inkişaf etdirilməsi, bu sahədə kadr hazırlığı məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.
Yekunda qonaq səmimi qəbul və fikir mübadiləsinə görə öz minnətdarlığını bildirib, zəngin təcrübəyə malik bu təsisatla gələcəkdə səmərəli əməkdaşlığa maraqlı olduğunu və Müvəkkilin fəaliyyətinə dəstək verəcəyini diqqətə çatdırıb.