...

Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək (ÖZƏL) (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2019 11:06 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Türkiyədən Bakıya gətirilən yeni avtobuslar xüsusi təlimlər keçmiş sürücülər tərəfindən idarə olunacaq.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda Türkiyədən alınan 300 avtobusun gətirilməsi prosesi davam etdirilir: "Cənab Prezidentin ötən il imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd avtobusun Bakıya gətirilməsi davam edir. Artıq 200-dən çox avtobus şəhərdədir. Çatdırılma prosesi plana uyğun olaraq davam etdirilir. Gətirilən avtobusların hamısı 12 metrlikdir. Növbəti aydan isə 20 ədəd 18 metrlik avtobusların gətirilməsi təmin ediləcək. Ümumilikdə çatdırılma prosesinin gələn ay tam yekunlaşdırılması nəzərdə tutulub. Çatdırılma prosesi ilə yanaşı, bir neçə istiqamətdə də iş aparılır. İlk növbədə bu avtobusları idarə edəcək sürücülərin komplektləşdirilməsi istiqamətində iş gedir. Sürücü qəbulu ilə bağlı elanlar verilib. Müraciət edən şəxslər Sürücü Təlim Mərkəzində təlimlərə cəlb edilib. Hazırda digər xətlərdə sürücü kimi çalışan, lakin plan sisteminin mənfi təsirlərindən, eyni zamanda daşıyıcının əmək münasibətlərinə düzgün yanaşma göstərməməsindən təngə gələn onlarla sürücü fəaliyyətini BakuBus MMC-də davam etdirmək istədiklərini bildirib. Bunun özü bir daha onu deməyə əsas verir ki, sərnişindaşımada yeganə dövlətə bağlı daşıyıcı operator kimi çıxış edən BakuBus MMC-də iş həm qanunvericiliyin tələbinə uyğun qurulub, həm də müasir tələblər səviyyəsindədir".

BNA rəsmisi digər bir vacib istiqamət kimi bu avtobuslarda kart oxuma cihazlarının quraşdırılmasını qeyd edib: "Bu avtobuslar da xəttə buraxılan zaman gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə aparılacaq".

M.Ağayev deyib ki, ilin sonuna qədər yeni avtobusların sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulur: "İlk növbədə vətəndaşlarımızın daha çox narazı qaldığı xətlər üzrə yenilənmələr olacaq. Bu məqsədlə bir neçə müddətdir ki, daxil olan vətəndaş müraciətləri araşdırılır. Ətraf kənd və qəsəbələr istiqamətində yeni avtobusların istismara verilməsi mümkündür, bir şərtlə orda yol infrastrukturu buna imkan versin. Burda təkcə söhbət yolun təmir vəziyyətindən getmir. Bilirsiz ki, yeni avtobuslar 12/18 metrlikdir və bunların qəsəbədaxili yollarda manevr etmə imkanları da mütləq nəzərə alınmalıdır. Hardaki buna imkan var, ora yeni avtobusların verilməsi mümkündür və qeyd etdiyim kimi bu məsələyə baxılır.

Ümumilikdə isə ətraf kənd və qəsəbələrdə sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması bu gün bizi qayğılandıran ən vacib məsələlərdəndir. Bildirim ki, qarşıdakı aylarda bu məsələ ilə bağlı mühüm irəliləyişlər olacaq. Avtobus parkının yenilənməsi işləri çərçivəsində dövlət tərəfindən yeni nəqliyyat vasitələrinin alınması gələn ildə nəzərdə tutulub. Mütəxəsisslərimiz tərəfindən növbəti il üçün sərnişin tələbatı və mövcud parkının vəziyyəti nəzərə alınmaqla təkliflər hazırlanıb".

Agentlik nümayəndəsi onu da vurğulayıb ki, yeni avtobusların ən mühüm cəhətlərindən biri onun ekoloji baxımdan daha təmiz olmasıdır: "Bildiyiniz kimi, bu avtobuslar sıxılmış təbii qazla işləyir. Bu isə ətraf mühitin qorunması atmosferə daha az tullantının atılması baxımından vacib məqamdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti