...

UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: Beynəlxalq reallıqlar və yeni çağırışlar (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2020 18:36 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: Beynəlxalq reallıqlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: Beynəlxalq reallıqlar və yeni çağırışlar (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: Beynəlxalq reallıqlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

UNEC-dən Trend-ə verilən məlumata görə, konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri, professor Kamran İmanov, AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev, UNEC-in rektoru, professor Ədalət Muradov, tanınmış elm xadimləri, ictimaiyyət nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib.

Rektor Ədalət Muradov tədbir iştirakçılarını salamlayaraq, ölkə Prezidentinin sərəncamı ilə ölkədə 27 martın Elm Günü kimi qeyd olunmasını nəzərə alaraq, UNEC-də “Elm aylığı”na start verildiyini və universitetdə 20-dən çox müxtəlif elmi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Rektor konfransın mövzusunun aktuallığına toxunaraq, aparılan elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üçün onun nəticələrinin elm dünyasına ötürülməsinin tələb olunduğunu qeyd edib. UNEC-də bu istiqamətdə əldə olunan uğurlu nəticələrdən danışan Ə.Muradov, son 5 ildə universitet əməkdaşlarının beynəlxalq indeksləşdirilmiş mənbələrdə çap olunan məqalələrinin sayının 51,6 dəfə artdığını, 1991-2019-cu illərdə Web of Science-də çap olunan məqalələrin 89,5%-nin məhz son 5 ilin payına düşdüyünü deyib. Rektor elmi tədqiqatların stimullaşdırılması sisteminə uyğun olaraq, universitet büdcəsindən son 4 ildə 2 milyon manata qədər vəsaitin xərcləndiyini, təkcə reytinq sisteminin tətbiqi ilə əlaqədar, illik orta hesabla 430 min manatdan çox əlavə ödənişlər edildiyini diqqətə çatdırıb.

Rektor UNEC müəlliflərinin məqalələrinə istinadların sayının da ürəkaçan olduğunu bildirərək, Webometrics-in qiymətləndirməsində istinadların sayına görə, UNEC-in 2018-2020-ci illərdə Azərbaycan universitetləri arasında lider olduğunu vurğulayıb. Ə.Muradov universitetin tədqiqatçı müəllimlərinin aldığı patentlərin sayına və bu istiqamətdə aparılan stimullaşdırıcı tədbirlərə də toxunub. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində qeydiyyatdan keçmiş UNEC-in ixtira və faydalı modellərinin sayının 2015-ci ildə 1, 2016-ci ildə 1, 2017-ci ildə 4, 2018-ci ildə 2, 2019-cu ildə 3 olduğunu bildirib. O, patentlərin kommersiyalaşdırılması ilə bağlı təkliflə çıxış edib. UNEC-də tədqiqatların kommersiyalaşdırılmasının institutlaşdırılması işini birgə təhlil etməklə bu sahədə yaradılacaq yeni institutun birgə idarəedilməsi məsələsinin vacibliyini deyib, universitetin müvafiq şöbəsinin büdcəsi həcmində həmin layihənin maliyyələşdirilməsinin mümkünlüyünü qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov “Əqli mülkiyyət və elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması” mövzusunda tədqimatla çıxış edib. Mövzunun aktuallığından danışan K.İmanov Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və dəstəyi nəticəsində Azərbaycanda əqli mülkiyyət sahəsində zəngin milli qanunvericilik bazasının formalaşdığını bildirib. Təqdimatda milli innovasiya sistemlərinin modelləri, bilik iqtisadiyyatına aid olan sahələrin ÜDM-dəki payı, ixtiralarla bağlı göstəricilərin dinamikası açıqlanıb. Eyni zamanda kommersiyalaşma ilə bağlı ali məktəblərin qarşısında duran vəzifələrdən söz açılıb. K.İmanov ölkədə innovasiya potensialının nəticələrdən daha yüksək olduğunu diqqətə çatdıraraq, imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıb. Elmi fəaliyyətin müasir modelinin 3.0 universitet səviyyəsinə qaldırılmasında önəmli məqamları açıqlayıb. Ölkədə biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun dövlətin strateji məqsədlərindən olduğunu deyən K.İmanov universitetlərlə birgə əməkdaşlığın bu sahəyə böyük töhfələr verəcəyini bildirib.

Konfransda çıxış edən AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev elmin rolundan, imkan və məhdudiyyətlərindən söz açıb. Akademik çıxışında elmi-texniki tərəqqinin sürətli inkişafının bəşəriyyətə təsiri və bu inkişaf nəticəsində planetimizin gələcəyi haqqında narahatlıq doğuran proqnozları açıqlayıb.

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov isə “Sahibkarlıq universiteti: elm, təhsil və biznesin inteqrasiyası” mövzusunda çıxış edib. Prorektor məruzəsində universitetlərdə həyata keçirilən elmi tədqiqatların əhəmiyyətindən və ali məktəblərin sahibkarlıq funksiyasından danışıb.

Konfrans İqtisadiyyat üzrə Nobel mükafatçıları Maykl Kremer, Ester Duflo və Abhicit Banerci haqqında məruzələrin dinlənilməsi üzrə panel iclasında işini davam etdirib.

Qeyd edək ki, UNEC-də 27 fevral-27 mart tarixlərində “Elm aylığı” elan olunub. “Elm aylığı”nda maarifləndirmə tədbirləri, elmi-praktiki seminar, dəyirmi masalar, UNEC tədqiqat mərkəzlərinin tədbirləri, görkəmli alimlərlə görüş, kitab təqdimatları və kitab sərgisi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti