...

Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

Cəmiyyət Materials 17 Mart 2020 12:17 (UTC +04:00)
Koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycana tibbi ləvazimatlar və avadanlıqlar gətirilib və gətirilməkdə davam edilir.
Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycana tibbi ləvazimatlar və avadanlıqlar gətirilib və gətirilməkdə davam edilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycanda bu virusun analiz edilməsi üçün kifayət qədər laboratoriyalar var.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycan bu virusla mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqədə işləyir.

O bildirib ki, ölkəmizdə bu təhlükəli virus ilə mübarizə aparmaq üçün genişmiqyaslı və yüksək səviyyəli tədbirlər həyata keçirilir. Əhali də bu sahədə məsuliyyətli olmalıdır: “Çox təəssüf ki, bu sahədə çatışmazlıqlar var. Xaricdən gələnlərin yaxınları çalışır ki, onlar karantinə salınmadan evə getsinlər. Ancaq bu, çox təhlükəlidir, əgər bir nəfərdə virus olarsa, o geniş yayıla bilər. İzolyasiya tədbirləri də çox vacibdir. Ailələr yenə də toplu şəkildə harasa gedirlər, bu da təhlükəli vəziyyətdir. Hesab edirəm ki, bu virusdan qorxmaq lazımdır, ancaq ajiotaj yaratmaq doğru deyil. Əhali məsuliyyətli olmalıdır və dövlət tərəfindən qoyulan qaydalara əməl etməlidir. Belə olduğu halda biz bu virusa qalib gələcəyik”.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti