Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, Azərbaycan bu baxımdan hətta bir çox ölkələri qabaqlayır.
C.İsayev koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycanla qonşu ölkələrin - Türkiyə, Rusiya və İranla gediş-gəlişin məhdudlaşdırılmasını da olduqca mühüm tədbir hesab edir.
C.İsayev qeyd edib ki, Azərbaycanda səmərəli qabaqlayıcı tədbirlərin görülməsi sayəsində vəziyət nisbətən daha qənaətbəxşdir:
"Lakin buna baxmayaraq, məsələyə ciddi yanaşmaq, panikaya yol verməmək, təhlükənin real olacağını da başa düşmək lazımdır. Buna görə də insanlar virusun daha çox yayılmaması üçün tələb olunan sanitar-gigiyenik qaydalara əməl etməlidirlər".
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.