...

Rayonlardan gələn 500-ə yaxın avtomobil geri qaytarıldı - RƏSMİ

Cəmiyyət Materials 19 Mart 2020 11:01 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gecə saat 00:00-dan etibarən rayonlardan Bakıya gəlmək istəyən 500-ə yaxın avtomobil postlardan geri qaytarılıb.

Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev bildirib. Onun sözlərinə görə, əsasən sıxlıq cənub istiqamətindən girişdə yaranıb:

"Dünən gecədən etibarən Qaradağ postunda 400-dən çox avtomobil geri qaytarılıb. Bundan başqa, Şimal istiqamətində 40 avtomobil saxlanılaraq onların Bakı, Sumqayıt və Abşeron istiqamətlərinə girişi dayandırılıb, 100 avtomobil isə başqa rayonlara getdiyi üçün istiqamətləndirilib. Şamaxı istiqamətindən də təxminən 50 avtomobil postda saxlanılıb və geri qaytarılıb. Hazırda qərarın icrası davam etdirilir".

Qeyd edək ki, bayram günlərində bölgələrdən Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə əlaqədar 3 yerdə yol polisi postları quraşdırılıb. Bu postlar Bakı-Ələt-Astara yolunun 65-ci, Bakı-Quba yolunun 45-ci və Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində yerləşir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılacaq, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti