...

Teledərslər dərs ilinin sonuna qədər davam etdiriləcək

Cəmiyyət Materials 27 Aprel 2020 22:04 (UTC +04:00)
Teledərslər dərs ilinin sonuna qədər davam etdiriləcək

Bakı. Afaq Rza - Trend:

Teledərslər dərs ilinin sonuna qədər davam etdiriləcək və müəyyən olunan müddətdə proqram tam əhatə olunacaq.

Trend-in məlumatına görə, bunu AzTV-nin "Hədəf" verilişinin qonağı olan Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. O bildirib ki, martın 2-də Prezident İlham Əliyevin qəbul etdiyi qərar əsasında ölkədə təhsil sisteminin fəaliyyəti dayandırılıb:

"Təbii ki, artıq martın 3-dən etibarən Təhsil nazirliyi yaranmış vəziyyətlə əlaqədar çox çevik qərarlar qəbul etməli idi. Bu məqsədlə 11 mart tarixindən etibarən televiziya vasitəsilə teledərslər layihəsi adı altında dərslərə start verildi. İlkin mərhələdə teledərslər çox çevik başladığına görə ola bilər ki, hansısa sahələri əhatə etmirdi, amma günbəgün vəziyyət daha da yaxşılaşmağa doğru gedib. Hazırda ümumi təhsilin dövlət proqramlarında tədrisi nəzərdə tutulan mövzular bütün siniflər üzrə teledərslər vasitəsilə tədris olunur. Dərsləri müşahidə edən şagirdlər proqramda heç bir geriliyə yol verməyəcəklər. Burada şagirdlərə ev tapşırıqları verilir və onlar müstəqil olaraq bu tapşırıqları yerinə yetirirlər".

M.Vəliyeva əlavə edib ki, təəssüf ki, ölkəmizdə texnologiyanın, internetin hər kəs üçün əlçatan olmadığını bilirik, amma bu, yalnız bizdə belə deyil:

"Məsələn, Böyük Britaniyada aparılan təhlillər göstərdi ki, burada on faizə qədər əhalinin internetə çıxışı yoxdur. Onu da qeyd qeyd etmək lazımdır ki, teledərslərə ilk olaraq biz start verdik. Daha sonra bir çox ölkələr də bu üsula keçdilər. Azərbaycan isə bir ilki həyata keçirmiş oldu.

Teledərslərlə yanaşı, aprel ayından etibarən Təhsil nazirliyi "Virtual məktəb" layihəsinə start verib. Biz teledərslərlə onlayn dərslər arasında bir sinxronlaşdırma yaratdıq. Yəni, teledərslərdə müəllimlər dərsləri izah edirlər, onlayn dərslərdə isə həmin dərslər daha detallı formada şagirdlərə izah edilir. Təbii ki, bütün bunlar sinif otağı və məktəb daxilində tədrisi əvəz edə bilməsə də, yaranmış vəziyyətlə əlaqədar şagirdlərin təhsil ehtiyaclarını ödəməyə imkan yaradır. Məsuliyyəti olan hər bir şagird bu dərslərdən maksimum yararlanmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti