...

Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir

Cəmiyyət Materials 28 Aprel 2020 11:19 (UTC +04:00)
Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Əvvəlki illərin statistikasına əsasən demək olar ki, bu il ölkədə rus bölməsi üzrə 1-ci sinfə qəbul üçün təxminən 8000-ə qədər uşağın qeydiyyatının aparılması nəzərdə tutulur. Biz bu uşaqların müsahibəsinin onlayn platforma üzərindən keçirilmə imkanlarını müzakirə edəcəyik.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini bildirib ki, daxili müzakirələr nətiəsində gəlinən qənaətə əsasən, karantin rejiminin tələbləri gözlənilməlidir:

"Lakin eyni zamanda “Təhsil haqqında” və “Ümumtəhsil haqqında” qanunların tələblərinə əsasən, orta məktəblərdə digər dillərdə təhsil almaq arzusunda olan uşaqlar müsahibələrdən keçirilməlidir".

Hazırda bunun Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri olduğunu deyən M.Vəliyeva əlavə edib ki, ilkin mərhələdə ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların müsahibələrini keçiriblər:

“Təəssüflər olsun ki, yaranmış vəziyyət nəticəsində ölkə üzrə təxminən 300-ə yaxın uşaq müsahibə mərhələsindən keçməyib. Buna görə də, ilkin mərhələdə məktəbəhazırlıq qruplarında təhsil alan 300-ə qədər uşağın müsahibəsini təşkil edəcəyik”.

Nazir müavini bildirib ki, bu müsahibə “Microsoft teams” platforması üzərindən həyata keçiriləcək. Uşaqların onlayn müsahibədən keçirilməsi zamanı həm texniki imkanlar, həm də uşaqların yaş xüsusiyyətləri və digər amillər nəzərə alınacaq:

“İlkin mərhələdə məktəbəhazırlıq qruplarında təlim keçən uşaqların müsahibəsinin keçirilməsi bu sahədə mövcud imkanlarımızı bir daha qiymətləndirməyə və müəyyən təcrübə əldə etməyə də imkan verəcək. Təbii ki, ölkədə karantin rejiminin yumşaldılması ilə əlaqədar biz də hökumətin verəcəyi qərarlar əsasında müsahibələrin canlı formatda keçirilməsi məsələsini müzakirə edirik”.

Xatırladaq ki, digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir. Uşaqlar şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti